Bunu xalq artisti Firəngiz Mütəllimova "Moderator.az"-a açıqlamasında deyib. O, sonra Şuşada yaşaması ilə bağlı suala belə cavab verib: “Şuşayla bağlı arzularım çoxdur. Necə ki, 30 ildir Şuşa həsrəti ilə yaşamışıq, indi də hər gün sözümüz, söhbətimiz Şuşa haqqındadır. Bir-birimizə deyirik ki, Şuşada filan şey oldu, Şuşada bəhmən şey oldu. Yaşamaqla bağlı olan məqamları gələcək göstərəcək. Allahın köməkliyi ilə. Bu hər bir Şuşalının arzusudur. Nə vaxt məsləhət bilsələr onda da qayıdıb Şuşada yaşayarıq” deyə aktrisa bildirib.
Xalq artisti daha sonra əlavə edib ki, aktrisa olmağına səbəb də elə Şuşa mühiti olub:
“Bu gün mənim xalq artisti, sevimli aktrisa olmağıma səbəb də elə Şuşadır. Oranın mühitidir əlbəttə ki. Çünki Şuşada evimizlə üzbəüz “Vaqif” kinoteatrı var idi. Qapıdan çıxan kimi kinoteatra gedirdim. Ermənilər həmin kinoteatrı yerlə-yeksan ediblər. Elə bil orada heç kinoteatr olmayıb. İndi Şuşa başdan-ayağa yenidən qurulur. Artıq Şuşada insan nəfəsi çoxalır, toy çalınır, dünyaya övladlar gəlir. İnanıram ki, hər şey əvvəlkindən də yaxşı olacaq. Yaşasın azad, müstəqil Azərbaycan”!,- deyə xalq artisti bildirib.
Tahirə AĞAMİRZƏ