22.09.2024, 05:43
AZ EN
17.09.2024, 10:58 329

Bu gün şəhid Pəhli Qəribovun doğum günüdür

XƏBƏRLƏR
  • Anası Roza xanım deyir ki, Pəhli çox zəhmətkeş uşaq olub. İki övladım var, qızımla oğlum. Pəhli kiçik yaşlarından qayğıkeş, evcanlı, anlayışlı idi. Bacarıqlıydı, əlindən hər iş gəlirdi. Bacarmadığını da tez öyrənməyə çalışırdı. Bir işə bircə dəfə diqqət edərdi və onu mənimsəyərdi. Öz evimizin tikintisində, təmirində də Pəhli can qoyub. O, Tovuz hadisələrindən sonra orduya könüllü yazılmışdı. Sentyabrın 21-də 9 aylıq körpəsini, həyat yoldaşını bizə tapşırıb getdi. Sonuncu dəfə noyabrın 3-də danışdıq. Hamı ilə danışdı, mənimlə sağollaşanda dedi ki, ana, darıxma, az qalıb, qələbə qazanıb qayıdacağam. Noyabrın 8-də hamı Şuşanın alınmasını bayram edirdi, mənim isə gözüm yollarda qalmışdı. Övladımla 5 gün idi danışa bilmirdik. 9-10 noyabrda gözüm televizorda idi. Müharibə dayanmışdı, qələbə qazanmışdıq, ancaq Pəhlidən səs-səmir gəlmirdi. Sən demə oğlum şəhid olubmuş...

Bu gün Vətən müharibəsinin qəhrəman oğullarından olan şəhid Pəhli Xaləddin oğlu Qəribovun doğum günüdür. O, 1993-cü il sentyabrın 17-də Kürdəmir rayonunda anadan olub. Orta təhsilini batirdikdən sonra hərbi xidmətə yollanıb və Vətənə borcunu layiqincə yerinə yetirib.

Pəhli Qəribov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində mərdliklə iştirak edib. O, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. 

Pəhli Qəribov 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Kürdəmir Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Pəhli Qəribov ölümündən sonra " Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” və  "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər