19.10.2024, 20:31
AZ EN
13.09.2024, 07:31 227

Cəbrayıl rayonunda ali təhsil müəssisələrinə qəbulda yüksək bal toplayan məzunlarla görüş keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayonunda 2023-2024-cü tədris ilində rayon üzrə Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbulda yüksək bal toplayan məzunlarla görüş keçirilib.  

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəblərə qəbul olunan tələbələr, qabaqcıl təhsil işçiləri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Respublikamızın ərazi bütövlüyü uğunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və digər çıxış edənlər ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan bütün məzunları təbrik edib, xoş arzularını bildiriblər.

Qeyd olunub ki, müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu isə hər gün daha da artmaqda davam edir. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları bunu bir daha təsdiq edir. Bu tədris ili Azərbaycanın təhsil sistemində xüsusilə yadda qalan olacaqdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 30 ildən sonra Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl və Laçının Sus kəndində məktəblərin fəaliyyətə başlaması ilin kifayət qədər məhsuldar olacağından xəbər verir. Sevindirici haldır ki, bu il Qarabağ Universitetində təhsilini davam etdirməsini səbirsizliklə gözləyən tələbələrdən 3-ü rayonumuzun ümumtəhsil müəssisələrinin məzunlarıdır.

Tələbə adını qazanan məzunlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sonda ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlara Rayon İcra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Məlumat üçün bildiririk ki, 2023-2024-cü tədris ilində rayonun ümumtəhsil məktəblərindən məzun olan 652 abituriyentdən 525-i ali və orta ixtisas məktəblərinə sənəd verib, onlardan 426 nəfəri, yəni 79 faizi tələbə adını qazanıb. Tələbə adını qazanan məzunlardan 30-u 600-dən, 38-i isə 500-dən çox bal toplayıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər