Ölkəmizə səfər edən Şapur Ənsari bu günlərdə Şuşada olub və təəssüratlarını bölüşüb: “Mən çox şadam ki, ürəyimdə olan arzum yerinə yetib. Qarabağ azad olunub. Burda Azərbaycanın tarixi var. Azərbaycan qəhrəmanları burda can qoyublar. Uzaqdan çox eşitmişdim, amma gəlib öz gözlərinlə buranı görmək başqadır. O qəhrəmanlar ki, bu qayalardan dırmaşıb buranı alırlar, onların ruhları şad olsun. Azərbaycan var olduqca onların adları diri qalacaqdır”.
Ş.Ənsari daha sonra əlavə edib ki, o qəhrəmanlar öz qanları ilə tarix yaratdılar: “İnşallah ki, gələcək nəsillər də onların yolunu davam etdirərək buranı abad, gözəl bir məkana çevirəcəklər. Dünyanın bütün yerindən gəlib buranın gözəlliyinin tamaşasına duracaqlar. Arzu edəcəklər ki, burada 2, 3, bir həftə istirahət etsinlər. Mən bura gələndə bilridim ki, Azərbaycan Prezidentinin tapşırığı ilə burada çox işlər görülüb, amma adam gəlib görməyənə qədər inanmır ki, bura bu qədər gözəldir. Bu yaşı, əzəmətli dağlar adamı valeh edir. Mən bütün Azərbaycan xalqına xoşbəxtlik arzulayıram”.
Hazırladı: Tahirə AĞAMİRZƏ