Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Avstriya Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı, pianoçu Ayan Məmmədli deyib.
Əslən Şuşadan olan gənc bildirib ki, parlament seçkilərinin işğaldan azad olunmuş əraziləri də əhatə etmməsi Azərbaycan gəncliyinə əlavə qürur hissi verir: “Çünki o torpaqların bizim üçün xüsusi dəyəri var. Bu il avqustun 1-8-də Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi təşkil olundu. Dünyanın 60 ölkəsindən dəvət olunmuş 115 nəfər iştirakçı gənc arasında mən də var idim. O torpaqların necə bir cənnətə çevrildiyini gözlərimizlə gördük. Biz qurub-yaradan xalqıq. İndi şuşalılar öz doğma şəhərlərində təkcə mühüm mədəni hadisə və tədbirləri deyil, ciddi, tarixi siyasi prosesləri də izləyirlər. Şuşalılar öz əzəli yurdlarında səs verəcəklər. Bundan gözəl xoşbəxtlik varmı?”.