09.06.2025, 17:57
AZ EN
19.12.2022, 15:30 415

Ailəsinə Şəhid xəbəri çatan qazimiz

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş torpaqlarımızın hər qarışına görə ordumuzun mərd əsgər və zabitlərinə, qəhrəman oğullarımıza borcluyuq. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, qazi Pərviz Mehman oğlu Məmmədovu dinlədikcə bunu bir daha dərk edirsən. Düşünürsən ki, Azərbaycanın yeni tarixini - Zəfər salnaməsini bütün qəlbi ilə məhz bu qəhrəmanlar qanlarıyla yazıblar.

Qazi Məmmədov Pərviz Mehman oğlu 2001-ci ildə sentyabrın 2-də Siyəzən rayonunun Yenikənd kəndində dünyaya gəlib. 2007-ci ildə  Vüqar Qasımov adına tam orta məktəbə gedib və 2018-ci ildə bitirib. 2019-cu il oktyabrın 1-də hərbi xidmətə yola düşüb. Gəncə şəhərində N saylı hərbi hissədə xidmətə başlayan Pərviz XTQ-lər tərəfindən seçilib. O, bundan sonra XTQ-də xidmət edib. İsmayıllı rayonunda hərbi təlim keçdikdən sonra hərbi hissəyə qayıdıb. Həmin vaxt 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayıb. Pərviz sentyabrın 26-dan Murovdağ istiqamətindəki döyüş meydanına yollanıb.

“Səhər tezdən düşmən bizi artilleriya atəşinə tutmuşdu. Qayanın dibində olduğumuz üçün bizə güllə dəymirdi. Ancaq bizdən öndə olan dəstədə şəhid və yaralılarımız oldu. Biz şəhid və yaralıları gətirəndə də atırdılar. Birdən duman gəldiyinə sevindik. Biz irəlilədikcə bir-birimizdən ara məsafəsi saxlayırdıq ki, hamımız birdən məhv olmayaq. Bu gedişlə  minalı ərziyə çatdıq. Tez istehkamçılarımız ərazini minalardan təmizlədilər. Bizdə ağır silahlar vardı. Düşmən sıldırım qayalarda  yüksəklikdə idi. Atsalar da güllə bizə dəymirdi. Beləcə 15-20 km dərinliyə getdik. Tapşırıq almışdıq, düşmənin hərbi bazalarının   koordinatını çıxarıb arxaya ötürməliydik.

Oktyabrın 1-i idi. Çıxılmaz vəziyyət yaranmışdı, düşmən dayanmadan atırdı, hər yan da minalı ərazi idi. Mühasirədə qalmışdıq. Sonra minalar təmizləndi, başımız üzərindən kamikadzelər bizi idarə elədi”.

Pərviz deyir ki, tapşırığı yerinə yetirib Murovdağdan Beyləqana gəldik. Oktyabrın 2-də düzənlikdə çadırlar qurub yerləşdik. Elə bu vaxt bizə əmr gəldi ki, Füzuli istiqamətində döyüşməliyik. Bura da dağlıq ərazi idi. Biz düşmənlə üzbəüz döyüşə başladıq. Bizdən əvvəl bəzi ərazilər azad edilmişdi. Biz gedəndə yaralı və şəhidləri çıxarırdılar. Növbəti ərazini biz aldıq. Postları keçdik, düzəngah bir yerdəydik, başa düşürdük ki, biz burada şəhid olar, yaralana bilərik. Buna baxmayaraq düşmənin üstünə gedirdik...

Oktyabrın 6-da Cəbrayıl rayonunu azad elədik və şəhərin mərkəzində dayandıq. Komanda müşahidə heyətimiz gələndə  düşmən  bizi mühasirəyə almağa başladı. Amma düşmənin bütün şəxsi heyətini məhv elədik. Onların zerehli maşınları, silahları, müxtəlif geyim əşyalarını qənimət kimi götürdük.

Oktyabrın 7-də döyüş əmri verildi və Cəbrayıl rayonunun bir neçə kəndini azad etdik. Sonra Füzuli rayonuna gəldik, burada yüksəklikləri almışdıq. Füzuli böyük şəhərdi, burada evləri, binaları bir-bir yoxladıq, sonra Şuşa istiqamətinə getdik.

“Laçın dəhlizi deyilən yerə çatdıq, 2 gün yarım oranı müşahidə etdik, amma bizə getməyə əmr verilmirdi. Görürdük ki, düşmən öz iri maşınlarını aparır, ərazini təmizləyir. Şuşadan qaçırdılar. Bizə də dedilər ki, qoy özləri qaçsınlar. Sonra əmr verildi, Laçın dəhlizinə çıxdıq və biz   həmin istiqamətdə döyüşdük. Laçın dəhlizini azad etdik. Düşmənlə üzbəüz döyüşürdük. Düşmən o istiqamətdə ağır artelleriyadan istifadə edə blmirdi. Çünki biz onu susdurmuşduq. Amma birinci onlara doğru gedəndə 3 tərəfdən bizə atırdılar. Burada şəhidimiz, yaralımız çox oldu...

Axşam saat 12 radələrində onlar atmağa başladılar. Manqa komandirim Beyləqandan olan  gizir Xəlilov Rahillə yanaşı  dayanmışdıq. Düşmən birdən tank əleyhinə mərmi atdı. Mərmi bizdən 1m aralı düşdü və hərəmizi bir tərəfə tulladı. Sonra gördüm ki, ayağıma istilik gəldi. Baxdım ki, ayağım yerindədi, amma hərəkət edə bilmədim, səsimizi də çıxara bilmirdik, çünki düşmən çox yaxındaydı. Sonra yoldaşlarımız bizi tapdılar və ilkin tibbi yardım göstərdilər.

Noyabrın 4-ü idi. Bir nəfər yanımızda dayanıb bizi müayinə edirdi. Amma hissəmiz Şuşa şəhərinə daxil olmağa başladı. Deməli, əvvəlcə  Şuşa alınmalıydı ki, sonra Daşaltı alınsın və yol açılsın. Yoxsa təxliyə olunmaq mümkün deyildi, biz bura sıldırım qayalarla gəlmişdik. Ən yüngül yaralı mən idim, huşum özümdə idi. Şuşaya daxil olanda xeyli itki verdik. Biz 2 gün idi yaralıydıq, yağış yağdı, təpənin üstündəydik. Sonra bizi klyonka tapıb bükdülər. Su istəyirdik, amma vermirdilər. Klyonkadan cırıb su içirdik, amma bu bizim ziyanımıza idi...  

Noyabrın 7-də bizim digər qoşunlarımız gəldi. Düşmən daha çox  atmağa başladı, biz yaralı olduğumuz üçün gizlənə bilmirdik. Biz yenidən yaralanırdıq. Mən də ayağımdan yenidən yaralandım. Təpədən bizi aşağı düşürdülər. Yaralı vəziyyətdə 4 gün sonra mən də huşumu itirdim. Bir də gözümü açdım ki, məni xərəkdə aparırlar. Elə bildim düşmənə əsir düşmüşəm.  

Noyabrın 8-i idi. Bizi aparan “Kamaz”ı vurmağa başladılar. Hadrut şəhərində ağır yaralılar üçün çadırlar qurulmuşdu. Məni götürmədilər. Ayağım şişmişdi, tibbi yardım edib Füzulinin Əhmədbəyli qəsəbəsində diaqnostika mərkəzinə gətirdilər. Əməliyyat olunduqdan sonra ayıldım. Bir gün keçdi və yenidən əməliyyat olundum. Bircə o yadımda qaldı ki, əməliyyata gedirəm. Ayılanda artıq noyabrın 10-u idi. Heç bilmirdim ki, Qəbələ şəhərinə gətirilmişəm.

Özümə gəldim və eşitdim ki, biz Zəfər qazanmışıq. Məni Şəmkir hərbi qospitalına göndərdilər, xeyli müalicədən sonra məzuniyyətə buraxıldım”.

Ordumuzun igid əsgəri Pərviz Məmmədov onu da deyir ki, müharibədə olarkən evdən zəng gələndə onlara döyüşdə olduğumu demirdim.  Cəlilabadda hərbi hissədə olduğumu deyirdim. Şuşa istiqamətində  25 gün evlə əlaqəm kəsildi. Sonra bildim ki, evimizə şəhid olduğumla bağlı məlumat verilibmiş...  

Qeyd edək ki, qazi Pərviz Məmmədov Vətən müharibəsindəki xidmətlərinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə” və “İkinci Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər