Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, MAXE Elçin Tehran oğlu Süleymanovun doğum günüdür. O, 1991-ci il noyabrın 29-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 2009-cu ildə Allahyar Əliyev adına Böyük Bəhmənli kənd 2 saylı tam orta məktəbini bititirib. Elçin hərbi xidmətini layiqincə başa vurub. 2014-cü ildən tankçı olaraq müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət etməyə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Elçin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edib.
Elçin Süleymanov sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Süleymanov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidimiz Elçin Süleymanovun həyatı və keçdiyi döyüş yolu ilə bağlı Əməkdar jurnalist Faiq Qismətoğlu "Dünyanın o üzü” adlı kitab yazıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD