10.06.2025, 22:07
AZ EN
15.12.2022, 13:42 294

Bu gün şəhid Arif Abbaslının doğum günüdür

XƏBƏRLƏR
  • Şəhidlik mənəviyyat, əbədiyyət zirvəsidir. Bəşəri yaşadan da bu zirvədir, bu qürurdur. Şəhidlik, niskilimiz, kədərimiz, ağrımız, itkimiz olmaqla yanaşı, həm də şərəf, qürur, vüqar, fəxarət mənbəyimiz, səcdəsinə durduğumuz ziyarət ocağımızdır...

44 günlük Vətən müharibəsində ölüm-dirim savaşında qəhrəmanlıq tarixini yazan şəhid oğullarımızdan biri də  Abbaslı Arif Firuz oğludur. O, 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlib. Ailədə üç uşaq olublar: iki oğlan, bir qız.

Arif Qıvraq qəsəbə tam orta məktəbində təhsil alıb. Dərslərini əla oxuyan Arif Respublika Olimpiadasında kimya fənni üzrə 3-cü dərəcəli qalib olub. Ailəsi onu həkim görmək istəsə də, Arif israrla hərb yolunu seçib.

2009-cu ildə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə yüksək balla daxil olub, buranı birinciliklə bitirib. O, 2012-2016-cı illərdə Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. Oranı bitirdikdən sonra 6 aylıq XTQ kursunu keçərək Türkiyəyə əlavə hərbi kurslara göndərilib. Türkiyədə paraşütçülük, dağa dırmanma, üzgüçülük təlimlərində iştirak edib. Azərbaycan Ordusunda  qrup komandiri kimi fəaliyyət göstərib. Kəşfiyyatçı kimi topoqrafiyanı çox yaxşı öyrənib. Arif Abbaslı 2018-ci ildə ailə qurub.  Bu evlilikdən bir qızı dünyaya gəlib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı başlayan gün baş leytenant Arif Abbaslı döyüşlərə qatılıb. Savadı və idarəetmə qabiliyyəti ilə fərqlənən Arif Murovdağda və Cəbrayılda böyük şücaət göstərərək düşmən həmləsini yarıb, yaralı yoldaşlarına kömək edib. 100-dən çox əsgəri özü ilə bərabər döyüş meydanına aparıb. Tabeliyində olan yoldaşlarını qorumaq üçün özünü önə ataraq düşmən üzərinə yeriyib, 20 nəfərə yaxın ermənini təkbaşına qumbara ilə məhv edib. Hadrut əməliyyatının uğurlu keçməsində rolu olan Arif oktyabrın 12-də  Füzulinin azadlığı uğrunda gedən ağır döyüşlər zamanı düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Son sözləri “Qızımı heç 3, 4 ay da olsa, görə bilmədim”- olub.

Baş leytenant Arif Abbaslı II Fəxri Xiyabanda böyük izdiham və ehtiramla dəfn edilib.

O, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda,”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Torpağı yüngül, məzarı nurla dolsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər