Atası deyir ki, Əvəz uşaqlıqdan mərd idi. Onunla fəxr edirəm. Ancaq anası oğlunun ayrılığına dözə bilmədi və tezliklə dünyasını dəyişdi. Əvəzin bircə bacısı da onunla öyündüyünü deyir. Qardaşının bircə balasını xoşbəxt görmək istəyir.
Əvəz qaynı Eldənizlə bir yerdə döyüşürdü. İndi döyüş yoldaşı deyir ki, Əvəz igid bir oğul idi. Həmişə deyirdi ki, 30 ildi torpaqlarımızın həsrəti ilə yaşamışıq. Nəhayət bu həsrətə son qoymaq lazımdı...
Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Paşayev Əvəz Telman oğlunun doğum günüdür. O, 17 fevral 1995-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb. Hərbi xidmətini layiqincə başa vurub.
Azərbaycan Ordusunun əsgəri olan Əvəz Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb.
Sentyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əvəz Paşayev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, anasının adını verdiyi Gülnaz adında balaca qızı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD