Bu günlərdə vaxtsız vəfatı ilə təkcə biz qubadlıları deyil, ölkəmizdə onu yaxından tanıyanların hamısını hüznləndirən Hacı Gəray Fərhadov “eldən getdi”, - desək, yanılmarıq. O, 1957-ci il yanvar ayının 1-də Qubadlı rayonunun Mahruzlu kəndində anadan olmuşdu. Bu il iyul ayının 3-də haqq dünyasına qovuşub.
Hacı Gəray Fərhadov Allaha imanlı bəndə kimi, xeyirxah insan kimi həm rayon camaatı arasında, həm də işlədiyi kollektivdə dərin nüfuz qazanmışdı. O, Qubadlının işğalına kimi rayonda bir neçə idarə və müəssisədə çalışmış, gənc yaşlarından özünü bacarıqlı və işgüzar bir kadr kimi göstərə bilmişdi.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışdığı müddətdə Gəray Fərhadov eyni taleyi yaşadığı insanların qayğısını çəkmiş, 2009-2018-ci illərdə komitə sədrinin müavini müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etmişdir. Onun xidmətləri layiqincə qiymətləndirilmiş, Prezident İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülmüşdür.
Dövlət Komitəsində Gəray müəllimin həm rəhbərlik, həm də insani keyfiyyətləri haqqında bu gün də xoş sözlər söylənilir, fəaliyyəti ehtiramla xatırlanır.
Gəray müəllimin ailəsinə və qohumlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ