Bu gün Şanlı Vətən müharibəsinin qəhrəman şəhidi İbrahimov Atiq Ariz oğlunun doğum günüdür. O, 24 iyun 1990-cı ildə anadan olub. Atiq 5-ci sinifə qədər Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olunub və 2008-ci ildə təhsilini başa vurub. Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. 2016-cı ildə Azərbaycana qayıdıb. Atiq 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib idi.
Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi çalışırdı.
Atiq İbrahimov 21 sentyabr 2020-ci ildə hərbi təlimlərə qatılıb. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Talış, Suqovuşan və Ağdərə rayonunun kəndlərinin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak edib.
Atiq Ariz oğlu İbrahimov 16 oktyabr 2020-ci ildə da Ağdərədə "Beton" post deyilən yerdə qəhrəmancasına şəhadətə ucalıb.
17 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Atiq İbrahimov “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidimizin atası deyir ki, Tovuz hadisələrindən sonra Atiq həmişə müharibəni düşünürdü, elə hey “Vətən sağ olsun” deyirdi. Döyüşlər başlayan zaman arada bizə zəng edirdi. Həmişə deyirdi ki, bizim üçün dua edin. Oktyabrın 15-də zəng edən zaman əhvalı yaxşı idi. Telefonda həmişə gülürdü. Dedi ki, yanımıza Mingəçevirdən oğlan gəlib, onun nömrəsinə zəng edə bilərsiniz. Xeyli danışdıq. Həmin vaxt Ağdərə istiqamətində idi və bildirdi ki, ermənilər 800 metr onlardan kənardırlar.
Şəhidimizin döyüş yoldaşı, qazi Samir Tacızadə isə bildirib ki, hərbi əməliyyata Ballıqayadan başlayıblar: "Cəbrayıl, Füzuli, Suqovuşan, Talış və Ağdərə istiqamətlərində döyüşmüşük. Biz həmişə ön cəbhədə olmuşuq. Atiq Ağdərədə şəhid oldu. Atiq bölük komandiri idi, orada doqquz nəfər idik. Səhər mənə dedi ki, "sən çıx kəşfiyyat cığırına müşahidəyə". Mən çıxandan beş dəqiqə keçməmiş onları minomyotla vurdular. Orada səkkiz nəfər idilər. Həmin vaxt yaralandım.
Gecə ermənilər hücum etmək istəyən zaman Atiq deyirdi ki, "Samir, başlayaq?" Qışqıraraq, pulemyotdan 300-400 gülləni ermənilərin üstünə yağdırırdı.
Şəhidimizin anası Gülüş İbrahimova oğluna noyabrda elçi getməyi düşünürdü. Onun sözlərinə görə, Atiqin sevdiyi xanım vardı: “Həmişə deyirdim ki, oğlum, bu il sənin toyunu edək? Deyirdi, "ermənilərdən torpaqlarımızı xilas edək, sən nə desən, onu edəcəm". Bir gün mənə zəng etdi və hesab nömrəsi verdi. Dedi ki, maaşımdan 100 manat hesab nömrəsinə köçür. Oğlum kasıb ailəyə hər ay kömək edirmiş. İşıq borcunu ödəyə bilməyən abonentlərinin bəzilərinin pulunu ödəyirdi.
Bir də dedi ki, bu həftə gələcəyəm. Paltarlarını yudum ki, oğlum gələcək. Oğlum gəldi, amma şəhid olaraq. Yoxluğuna dözə bilmirəm. Heç kimi incitməzdi, hamı onu çox istəyirdi. Onun dostu həyətimizdə Atiqin adına şəhid bulağı tikdirdi. Mən məhləyə düşəndə elə bilirəm ki, Atiq oradadır, bununla təsəlli tapıram”.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD