Bu gün qəhrəman şəhidimiz Qədir Zülfəli oğlu Məmişovun doğum günüdür. O, 1989-cu il iyulun 5-də Saatlı rayonunun Mircəlal kəndində anadan olub. 1995-2006-cı illərdə kənddə orta təhsil alıb. Qədir Məmişov 2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildə hərbi xidmətdən təxris olunub.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra ölkədə başlanan səfərbərliyə Qədir də qoşulub. O, hərbi təlim toplantılarında iştirak edib.
Azərbaycan Ordusunun əsgəri olan Qədir Məmişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. O, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Qədir Məmişov 2020-ci il noyabrın 2-də Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz noyabrın 3-də doğma Saatlı rayonunun Mircəlal kəndində böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qədir Məmişov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Şəhidimizin ölümündən on bir gün sonra qızı dünyaya gəlib. Atasının arzusuna görə qızına Zəhra adını veriblər.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD