Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur. Lakin qanlı faciələri ilə tarixdə iz qoymuş otuz yeddinci il represiyası bu ailədən də yan keçməmişdir. Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdi. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilir. Zakir Məmmədovu yaxından tanıyanlar onun incəsənətə və ədəbiyyata bağlı olduğunu yaxşı bilirlər. O, yüksək əl qabiliyyətinə malik idi. Gözəl şəkillər çəkir, əlvan boyalardan ustalıqla istifadə edərdi. Eyni zamanda ürək çırpıntılarını misralar üzərində kökləməyi bacaran şair qəlbi vardı. Vətəni, ananı və təbiət gözəlliklərini vəsf edən şeirlərində o, səmimi duyğuların carçısına çevrilirdi. Bütün bu bacarıq onda birdən-birə yaranmamışdı. Zakir Məmmədov həm ata, həm də ana babalarına görə nüfuzlu nəslə mənsubdur. O, öz kökü ilə daim fəxr edərdi. Hətta bir şeirində bu məğrurluğu bədii boyalarla əks etdirmişdir.
Soyum Vəlibəyli, köküm Baharlı
Cahanşah xislətli, Vəli vüqarlı
Dünya nemətində zahid fəqirəm
Mənəvi sərvətdə varlıdan varlı.
Zakir Məmmədov məktəb illərində yaxşı oxuyan şagird kimi fərqlənməklə yanaşı gözəl şeirlər yazması və əlvan boyalarla şəkillər çəkməyi ilə də seçilirdi. İlk dəfə şeiri dördüncü sinifdə oxuyarkən yazmışdı. Burada o, canından artıq istədiyi anasını, bu müqəddəs ada bərabər vətəni, təbiəti yorulmadan tərənnüm etmişdi. Zakir Məmmədovun anası Hüsnü xanıma həsr etdiyi bir neçə şeiri vardır. Şeirindən birində yazmışdır:
Yazardım o böyük eşqinə dastan
Deyildir sözlərim tutarlı, ana.
Könül xanimanım olsa gülüstan
Sənsiz solar gedər bibarlı, ana.
Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin yeni fəaliyyətə başlayan Ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olmuşdur. Yarandığı vaxtdan burada ərəb dili dərslərini Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş, böyük şərqşünas alim Ələsgər Məmmədov tədris etmişdir. Zakir Məmmədov universitetdə birinci kursda təhsil alarkən, yəni 29 noyabr 1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır. O, 1962-ci ildə universiteti bitirmişdir. Elə həmin il AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1962-1963 illərdə Misirdə Asuan SES-in inşasında ilk azərbaycanlı ərəbşünas tərcüməçi kimi çalışmışdır. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda (indiki Fəlsəfə İnstitutu) işə başlamışdır.
Zakir Məmmədov ailə qurduqda özünə təkcə ömür yoldaşı deyil, onu həqiqi duyan, anlayan bir insan, dost qazanmışdı.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Azərbaycanın elm tarixində orta əsrlər Şərq fəlsəfəsinin görkəmli tədqiqatçısı və əvəzsiz xidmətləri olan böyük alim kimi yüksək zirvədə dayanır. Onun 40 illik gərgin elmi fəaliyyəti fəlsəfə tarixinin öyrənilməsində əsaslı dönüş olaraq xüsusi seçilir. Bu mənzərəni müşahidə etmək o qədər də çətin deyildir. Əgər Milli Elmlər Akademiyasının yarandığı dövrdən bu günə qədər fəlsəfə tarixi sahəsində aparılmış tədqiqatlara nəzər salsaq Zakir Məmmədovun elmimizə verdiyi yenilikləri inqilaba bənzətmək mümkündür. Çünki onun tədqiqatlarına qədər Şərq fəlsəfəsi tarixindən söhbət açarkən yalnız Bəhmənyarın adı çəkilmiş, onun haqqında qısa məlumatla kifayətlənmiş və Şərqdə elmi fəlsəfənin mövcudluğu inkar edilmişdir. Alimin gərgin əməyi nəticəsində apardığı araşdırmalar həmin təsəvvürləri kökündən dəyişərək bu yanlışlığa son qoydu. Orta əsrlərdə müsəlman aləmində zəngin elmi təlimlərin mövcudluğu və onlarla peşakar filosofların adları, əsərləri üzə çıxarılaraq sübuta yetirildi. Müxtəlif millətlərə mənsub filosoflar arasında əslən azərbaycanlıların da olması ictimai fikir tariximizin öyrənilməsi sahəsində uğurlu iş kimi qiymətləndirməlidir.
Zakir Məmmədovun tədqiqatlarının qiyməti ondadır ki, ilk dəfə üzə çıxardığı faktları – şəxsiyyətlərin həyatını, əsərlərini, onlar haqqında deyilmiş fikirləri orijinaldan, yəni ərəb və fars dillərində yazılmış mənbələr əsasında araşdırmışdır.
Alim “Siracəddin Urməvinin məntiqi görüşləri” adlı namizədlik dissertasiyasını 1967-ci ildə tamamlasa da, 1969-cu ildə müdafiə etmişdir. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” adlı doktorluq dissertasiyasını 1974-cü ildə tamamlamış, monoqrafiya kimi 1978-cü ildə çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə müdafiə etmişdir.
Zakir Məmmədov yaradıcılığında mühüm yer tutan və əsərlərinin şahı olan “Azərbaycan fəlsəfəsi tarixi” kitabını atası Cabbar bəy İsmayıl bəy oğlunun, anası Hüsnü xanım Murtuza bəy qızının əziz xatirəsinə ithaf etmişdir.
Zakir Məmmədov misilsiz elmi xidmətlərinə görə həqiqi alimlərin rəğbətini qazansa da, alim adını daşıyan cahillərin maddi və mənəvi təzyiqlərinə məruz qalmışdır. Bəlkə də, Zakir Məmmədov ona ediləcək hücumları əvvəlcədən hiss etdiyi üçün 1957-1960 illərdə qələmə aldığı bir poemasında uzaqgörənliklə belə yazmışdır:
Doğma ana vətən, məni dinlə bir,
Sirri bəyan eylə, söylə neçin də
Bu mənfur, yaramaz dəstə içində
Zahirən bir mələk, daxilən iblis,
Üzdən alicənab, xisləti xəbis,
Haqqa quyu qazan alimlər də var.
Yaradan Zakir Məmmədova yüksək bacarıq və istedad verməklə yanaşı ona böyük səbr də bəxş etmişdi. O, yetkin bir insan ömrünə bərabər elmi fəaliyyətini 30-dan artıq çap edilmiş və edilməmiş kitabda, 250-dən artıq məqalədə əks etdirmişdir. Bu əsərlərin hər biri orijinallığı ilə fərqlənir.
Zakir Məmmədov 2003-cü il martin 2-də vəfat etmişdir.
Hazırladı: Mina RƏŞİD