A.Həsənov bildirib ki, 2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra federasiyanın uğurlu inkişafının əsası qoyuldu.
"Ötən illər ərzində idmançılarımız 5 dəfə olimpiya oyunlarında iştirak ediblər, irimiqyaslı yarışlarda mükafatlar qazanıblar. Bu illər ərzində biz beynəlxalq səviyyədə çoxsaylı məşqçilər, hakimlər hazırlamışıq", - deyə A.Həsənov əlavə edib.
A.Həsənov bildirib ki, Azərbaycanın 29 bölgəsində Gimnastika Federasiyasının bölmələri açılıb və inkişaf edir.
"Əlbəttə, çətinliklərimiz də olub, lakin bunların öhdəsindən məharətlə gəlmişik. Bizim federasiyamız böyük bir ailədir və bu ailənin başında Mehriban xanım Əliyeva dayanır.
Əminəm ki, növbəti 20 ildə daha çox nailiyyətlər əldə edəcəyik. Ölkəmiz inkişaf edir və biz də inkişaf edəcəyik, uğurlarımız qarşıdadır", - deyə AGF-nin vitse-prezidenti qeyd edib.
Qeyd edək ki, bu gün AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Rəsmi nümayəndələrin iştirak etdiyi mərasimdə AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra federasiyanın 20 illik uğurlu inkişaf yolundan bəhs edən "20 il inkişafda" adlı kitabın təqdimat mərasimi keçirilib. Sonda çıxış edənlər AGF-nin yubileyi ilə bağlı öz təbriklərini çatdırıblar.