24.04.2025, 19:47
AZ EN
16.08.2024, 09:12 343

Canından çox sevdiyi Vətənin vüsalına qovuşan Vüsal

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin şəhidi Vüsal Allahverdiyevin doğum günüdür.

Gülüşündə doğmalıq, baxışında mərdlik, sözlərində, hərəkətlərində təmkinlik daşıyan Vətəncanlı Vüsal! Hər dəfə Vətəni düşməndən xilas etməyə gedəndə o, təmkinli səsinlə doğmalarını arxayın edən videonu izlədikcə, göz yaşlarımı saxlaya bilməsəm də səninlə qürur duyuram. Sənin kimi döyüşkən, vətənpərvər oğullarımızın canı, qanı bahasına Vətən azad oldu, Bütövləşdi. Sən mənim ən doğmam, ən yaxınımsan digər Şəhidlərimiz kimi.

Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci il avqustun 16-da Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçmüşdür. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirəndən sonra Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. 2006-cı ildə həmin məktəbdən məzun olmuş Vüsal 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil almışdır. 2012–ci ildə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində işinə başlamışdır. 2015-ci ilə qədər bu vəzifədə çalışan Allahverdiyev daha sonra əvvəlcə, 4 aya yaxın Sumqayıt şəhər Təmizlik Departamenti MMC-də mühasib köməkçisi işləmişdir. Sonra isə Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. Nəzərdə tutulan imtahandan yüksək balla keçən Allahverdiyev 2020-ci ildən Kapital Bankda "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir. Atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır.

Əmisi Mahir Qafar oğlu Allahverdiyev ehtiyatda olan zabit, döyüş tapşırığını yerinə yetirərkən ikinci qrup əlil olmuşdur. Dayısı Akif Hümbət oğlu Alıyev Birinci Qarabağ müharibəsi veteranı, ikinci qrup Qarabağ əlilidir. Vüsal Allahverdiyevin ailədə özü ilə bərabər bir bacısı var idi. Vüsal Subay idi. Vüsal Tahir oğlu Allahverdiyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

Vüsal Allahverdiyev 12 iyul 2020-ci il tarixində başlayan Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edərək könüllü olaraq yenidən hərbi xidmətə yazılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində "Həmlə" bölüyünün tərkibində döyüşən qəhrəmanımız yaralıları xilas etmiş, şəhidləri döyüş meydanından çıxarmışdır. 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində Vüsal şəhidlik məqamına ucalmışdır. Sumqayıt Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılmışdır.

Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhid Vüsal Allahverdiyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

Vətənin vüsalına qovuşan Vüsal, məzarın nurla dolsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər