Çıxış edən Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov ikigünlük simpoziumun önəmli mövzuya həsr olunduğunu söyləyərək, tədbir iştirakçılarına təşəkkür edib. Qeyd edib ki, birgəyaşayış ənənəsinin müxtəlif aspektlərini özündə ehtiva edən İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi; birgəyaşayışın vacibliyi; birgəyaşayış mədəniyyətini gücləndirən amillər; cəmiyyətlərdə birgəyaşayış təcrübəsi; birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər; birgəyaşayış qarşısında duran maneələr; müsəlman təfəkküründə cəmiyyət anlayışları; qloballaşmanın birgəyaşayışa təsiri və digər mövzularda məruzələr söyləyən alimlərin çıxışları gələcəkdə kitab şəklində çap olunacaq.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten qeyd edib ki, simpoziumda səsləndirilən tezislərə nəzər saldıqda tədbirdə birgəyaşayış ənənəsinin müxtəlif aspektlərdən araşdırıldığının şahidi olduq. O, vurğulayıb ki, nəşr olunacaq simpozium materialları bu ənənənin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi yerə malik olacaq.
Qeyd edək ki, beynəlxalq simpozium açılış mərasimi və panellərlə davam edib. Tədbirdə 10 paneldə 100-dən çox məruzə dinlənilib.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten, "Nur-Mübarək" Misir İslam Mədəniyyəti Universitetinin rektoru, professor Məhəmməd əl-Şəhhat əl-Cindi, Pakistan Müsəlman İnstitutunun sədri Sahibzada Sultan Ahmed Ali, Rusiyanın Bolqar İslam Akademiyası rektorunun köməkçisi Rustem Gilmutdinov və digər qonaqlar Mənəvi Dəyərlərin Təbliği Fondunu ziyarət ediblər. Fondun icraçı direktoru Mehman İsmayılov fəaliyyətləri ilə bağlı qonaqlara geniş məlumat verib.
M.RƏŞİD