Bu gün Şanlı Zəfər tariximizə adını öz qanıyla yazan qəhrəman şəhidimiz Kənan Telman oğlu Şirəliyevin doğum günüdür. O, 2001-ci il fevralın 3-də Salyan rayonunun Qarabağlı kəndində anadan olub. Şirvan şəhərindəki peşə məktəbində təhsili alırdı. Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb.
Kənan Şirəliyev noyabrın 1-də Xocavəndin azadlığı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Salyan rayonunda böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Kənan Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Kənan balamız!
Mina RƏŞİD