Bu sözləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olan Murad Eyyubovun atası Bəxtiyar Eyyubov deyib. Atası bildirir ki, Muradın ən böyük arzusu hərbçi olmaq idi. Murada təşəkkür edirəm ki, 18 il bizimlə yaşadı. Komandiri deyirdi ki, 18 yaşında olmasına baxmayaraq, Murad hərbi hissənin sütunu idi, hərbi kurslardan elə gözəl keçmişdi ki, elə bilirdik, əsgər yox, zabit yetişdirmişik...
Bəxtiyar Eyyubov oğlu ilə son görüşündə Muradın onu möhkəm qucaqladığını söyləyərək, göz yaşlarını saxlaya bilmir. Murad dedi ki, ata, səndən ötrü çox darıxacağam...
Atası deyir ki, qardaş Türkiyə mətbuatında da Muradın igidliyi dəfələrlə işıqlandırılıb.
Murad anasına tapşırmışdı ki, o şəhid olsa ağlamasın. Buna görə də anası gözünün ilki olan balasından ötrü əzab çəksə də deyir ki, dözürəm, ağlamıram. Həmişə evdə gözüm onu axtarır, amma o mənim fəxrimdi... Təzə şəhid olmuşdu, yuxuda mənimlə elə danışırdı ki, dedim sən axı şəhid omusan, dedi ki, şəhidlər ölmür, mən həmişə sənin yanındayam...
Bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olan Murad Bəxtiyar oğlu Eyyubovun doğum günüdür. O, 10 yanvar 2005-ci ildə Kürdəmir rayonunda anadan olub. Kürdəmir şəhər 5 saylı tam orta məktəbində orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eyyubov Murad Bəxtiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Murad Eyyubov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Eyyubov Bəxtiyar şəhid övladı haqqında onu da deyir ki, Murad uşaq yaşlarından ona oxşamaq, atası kimi hərbçi həyatını yaşamaq, mavi beretli xüsusi təyinatlı olmaq istəyirdi. Əsgərlik həyatında da nümunəvi bir əsgər, döyüş vaxtı isə döyüş yoldaşlarının və komandirlərinin söylədiklərinə görə, əsl qəhrəmanlıq nümunəsi göstərib. Yaralansa da yenidən döyüşə qayıdıb. Komandiri təkid etsə də, Murad döyüşə davam edib. Sonradan komandiri bunları bizə danışaraq onun necə qəhrəman, necə vətənpərvər övlad olduğunu və bizim onunla fəxr etməli olduğumuzu söylədi. Əlbəttə ilk övladımız idi Murad, onu böyüdüb boya-başa çatdırana qədər nə qədər əziyyətlər çəkmişik, bunları düşünmək bizim üçün ağır olsa da bilirik ki, Vətənin dar günündə belə oğullar onun köməyinə çatır. Buna görə biz qəhrəman övladımızla həmişə fəxr edəcəyik...
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Murad balamız!
Mina RƏŞİD