09.06.2025, 11:54
AZ EN
12.08.2022, 13:10 551

O yerdəki Vətənə, insana sevgi var, demək, hər şey mümkündür

XƏBƏRLƏR
  • Böyük Qayıdışın ayaq səsləri sosial şəbəkələrdə geniş əks-səda doğurub. Öz ağıllı infrastrukturu ilə dövlətimizin işğaldan azad edilmiş ərazilərin bərpasına münasibətini göstərən Ağalıya köçmüş ilk ailələrin sevincinə qoşulan insanlar öz fikir və mülahizələrini virtual dostları ilə bölüşürlər. Bunlardan bir neçəsini diqqətinizə təqdim edirik. 

Rəsul Mirhəşimli, jurnalist, Qarabağ müharibəsi veteranı:

“Qarabağda bərpa işlərinin sürəti artdıqca vətəndaşların öz doğma yurdlarına Böyük Qayıdışı gerçəkləşir. Artıq Zəngilan rayonu Ağalı kəndinin sakinlərinin bir hissəsi öz doğma yurdlarına dönüb. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi Qarabağdan olan əhalinin doğma yurduna qaytarılmasının ilk böyük uğurudur. Bir müddətdən sonra Qarabağa qayıdış daha böyük miqyas alacaq və məcburi köçkünlər öz doğma yurdlarına dönməyin sevincini yaşayacaqlar.

Prezidentimiz cənab İlham Əliyevin komandanlığı altında şanlı Ordumuzun Vətən Müharibəsində əldə etdiyi zəfərdən qısa müddət sonra işğaldan azad olunan ərazilərimizdə infrastrukturun, xüsusən də, nəqliyyat şəbəkəsinin qurulmasına başlanılıb. Kifayət qədər intensiv həyata keçirilən infrastruktur işləri artıq bir sıra strateji nəqliyyat layihəsinin yaxın zamanlarda istifadəyə verilməsini mümkün edəcək.

Yaxın gələcəkdə istifadəyə veriləcəyi gözlənilən 124 km-ə yaxın uzunluğu olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu Zəngəzur dəhlizinə müasir standartlara uyğun avtomobil yolu ilə çıxış imkanı demək olacaq. Şərqi Zəngəzur İqtisadi ra­yo­nu ərazisində inşa olunan mühüm infrastruktur layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir.

Şərqi Zəngəzur ərazisində tikilən ən mühüm obyektlər sırasında Laçın və Zəngilanda inşa edilən hava limanlarıdır. Bu aeroportların tikintisi Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edir. Zəngilan və Laçında tikilən aeroportlar turizm imkanlarından istifadəyə və logistik mərkəzlərin yaradılmasına səbəb olacaq. Qeyd edək ki, Laçın aeroportu Azərbay­canın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olacaq.

Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq. Bu mühüm obyektin açılışında Azərbaycan və Türkiyə Prezidentləri iştirak edəcəklər. Bu tədbir Azərbaycan və Türkiyə arasında qardaşlıq nümunəsinin bir daha təsdiq olunmasının göstəricisidir. Görülən bütün bu quruculuq işləri Zəngəzurun qapısı sayılan Qubadlı rayonunda da davam etdirilir. Qubadlı şəhərinin Baş planının hazırlanmasında mərkəzi ofisi İsveçrədə yerləşən “Sapertners” Beynəl­xalq Şəhərsalma və Planlaşdırma Agentliyi seçilib. Ümid edirik ki, əsrarəngiz Bərgüşad çayının ikiyə ayırdığı Qubadlı şəhəri memarlıq və inşaat-texnologiya baxımından seçilən Azərbaycan şəhərlərindən biri olacaq.

Otuz ilə yaxın bir müddətdir ki, doğma yurd yerlərinin azad olunmasının həsrətini çəkən əhali artıq bu torpaqlara tezliklə dönməyin həyacanını yaşayır. Azərbaycan dövlətinin iqtisadi qüdrəti bu insanların arzularının reallaşmasına yardımçı olacaq, yaxın zamanlarda soydaşlarımız öz doğma yurd yerlərində yaşamağa başlayacaq.

***

Narıngül Nadir, yazıçı, “Qobustan” jurnalının əməkdaşı: “Zəngilanlıların iş­ğaldan azad olunmuş ata-baba yurdlarına qayıtmaqları qazandığı 44 günlük Vətən Müharibəsinin qələbə sevincinə xüsusi bir ovqat qatdı. İnsanların uzun illərdir məcburən tərk etdikləri yurd-yuvasına qayıtmağından gözəl nə ola bilər ki?.. Yurd itkisi ən böyük itkidir. Bu itki ruhun, arzuların, ümidlərin, yaşam tərzinin itməsidir. Televiziya kanallarından, videoçarxlardan Zəngilanın Ağalı kəndinə qayıdan insanları izlədikcə hamı kimi mən də çox sevindim, eyni zamanda kövrəldim. Köç edən insanların üzündə sevinc, rahatlıq, həm də ötənlərə görə bir təəssüf hissi vardı. Hər kəs “Kaş ki, Vətən həsrətiylə dünyadan köçən, “Zəngilan” deyə-deyə gözlərini əbədi yuman doğmalarımız da bu günü görəydilər,” - deyə heyifsilənirdi. Amma bu gün Vətən həsrətiylə dünyadan köçənlərin, eləcə də o torpaqların azadlığı uğrunda canını fəda edən igidlərin ruhu şaddır. Köç edən bir qadın “əvvəllər tez-tez kənd yuxuma girirdi, hər dəfə görürdüm kəndi duman basıb, ağacları kökündən qoparırlar,” - deyirdi. Maraqlıdır, görəsən, o qadın qayıtdığı yurdda ilk gecə hansı yuxunu gördü, hansı təəssüratları yaşadı?..

Bəli, bu Qayıdış, Böyük Qayıdışdır. Yeni həyat, yeni dünya başlanır bu insanlar üçün. Bu qayıdış məcburi köçkünləri həmişə diqqət mərkəzində saxlayan Prezidentimiz İlham Əliyevin “ağıllı kənd” konsepsiyasının tərkib hissəsidir. Qeyd edim ki, qısa müddət ərzində belə böyük həcmli bərpa işlərini aparmaq o qədər də asan deyil. Ancaq o yerdəki Vətənə, insana sevgi var, demək hər şey mümkündür. Elə köç edən insanların gözlərində də bu inam vardı: bu qayıdış əbədidir, kökünə, torpağına qayıtmaq qollu-budaqlı olmaqdır, böyüməkdir. Köhnə yurdun yeni sakinlərinə əmin-amanlıq, xoşbəxt həyat, cansağlığı arzulayıram. Həmişə evinizdə, eşiyinizdə, əziz yurddaşlar!

***

Xatirə Rəhimbəyli, Prezident təqaüdçüsü:

“Zülüm-zülüm ayrılmışıq zaman-zaman, şəhid-şəhid Vətənləşən torpağımızdan... Amma o torpaqlara – şəhid qanları, ana fəryadları, ata göz yaşları ilə yoğrulmuş müqəddəs yerlərə sevgi, sayğı və məhəbbətdən, uğurdan can verə biləcək qədər qaragözlülüyümüzdən ayrı düşməmişik nə yaxşı ki...

Kafir düşmənlər yurdumuza yön alıb, xain və xəbis əməllərlə torpaqlarımızı ələ keçirərkən şadyanalıq süfrəsi açıb “bitdi, hər şey bura qədərdi”- deyərkən unudurdu ki, güllədən keçirdiyi cismimizdir, ruhumuz isə cismdən-cismə adlayaraq daim yaşayır, Vətənə, elə-obaya, özünəsadiqlik əbədidir türk qanı daşıyan millətdə...

Baxın, yaxın tarixə, hələ uzaqları demirəm. 30 il... Yəni, bu qədərinə...  Doğma Qarabağa uzanan çirkli əllər necə büküldü...?! İrəvandakı obalarımıza düyümlənən bu qara xənçəng Qarabağımıza qədər metastaz verdi... Havası Sumqayıtı da, Bakını da vurdu. Amma nə olur-olsun nazilən haqq üzülmədi, irili-xırdalı “Qarabağ getdi”- kimi vızıltılar birdəfəlik kəsildi, 44 günə 200 illik bir yara kəsilib atıldı... Qarabağ “getmədi”, əksinə, Sovet Rusi-yasının qanlı bıçağı ilə amputasiya olunmuş qol-qanadımız da canlandı...

Bütövlükdə Qarabağ, xüsusilə də Şərqi Zəngəzurda erməni mənfurların, vandalların dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyasılı bərpa-quruculuq işləri aparılır, bütün torpaqlarımızda həyat bərpa olunur, infrastruktur yaradılır. Vaxilə mövcud olmuş magistalları yenidən qurulur və yeni yollar çəkilir. Çünki “abad kənd yollarından bəllidir”. Abad şəhərlər, abad kəndlər bu yollardan keçərək salınacaq, insanlar bu yolla öz əzəli-əbədi torpaqlarına qayıdacaqlar. Füzulidən Şuşaya qələbənin doğurduğu qüruru daşıyır “Zəfər yolu”.

Çəkilməsi nəzərdə tutulan, hətta çəkilməyə başlanılan bu yolların adları necə də nəğmə sözü kimi səslənir: Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağdam avtomobil yolları, Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd, Horadiz-Zəngilan-Ağdam dəmir­yolları...

Bu yolların ilk yolçuları isə Zəngilanın Ağalı kəndinə köç edənlər oldu. Böyük Qayıdışın ilk qaranquşları.  Qələbə sevincinin bir parçasıdır Böyük Qayıdış sevinci. Ard-arda yaşayacağımız bu sevinc daim olsun!

Soydaşlarımıza yeni həyatlarında xoşbəxt günlər arzulayıram...”

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər