09.06.2025, 15:51
AZ EN
09.01.2024, 16:55 309

Laçın sakini dağıdılmış evində nənəsinin səhəngini tapdı

XƏBƏRLƏR
  • Tağıyevlər ailəsi Laçının Alxaslı kəndində külü qalmış ata ocağında İTV-Xəbər-ə kövrək xatirələrini danışıb.

Sujetdə Firdovsi Tağıyev uzun illər əvvəl Laçının Alxaslı kəndində çəkdirdiyi şəkilləri övladlarına göstərir. Qeyd edək ki, böyük oğlu Kənan Vətən müharibəsi iştirakçısıdır.  Qarabağı görmək ona üç il əvvəl nəsib olub. İndi növbə Sənandadır. Firdovsi Tağıyev illər əvvəl özünə verdiyi sözü tutaraq uzun sürən həsrətdən sonra kiçik oğlunu kəndə gətirir.

Firdovsi Tağıyev deyir ki, Laçın şəhərindən bizim kəndə hardasa 40 kilometrdir. Kəndin girəcəyində onları kəndin şəhidlərinin adları yazılan lövhə qarşılayır. Təkcə bu kənddə müxtəlif vaxtlarda  150 nəfərdən çox döyüşçü Qarabağ müharibələrində iştirak edib.

Firdovsi deyir: Erməni-müsəlman davası başlayandan, XIX əsrin əvəllərindən bizim kənd şəhid verib, qazilərimiz olub. İlk şəhidimiz 18-ci illərdə olub. Ondan sonra 1992-ci ildə ermənilər yenidən torpaqlarımıza təcavüz etdilər. Bizim Alxaslı kənd camaatı 12 şəhid vermişik., onlardan 2-si itkindi.

Qeyd edək ki, işğal dövrünə qədər kənddə orta məktəb, uşaq baxçası, telefon qovşağı, mədəniyyət evi, xəstəxana kimi mühüm  infrastruktur olub. İndi isə heç birindən əsər-əlamət qalmayıb. Amma bu kəndin sakinləri öz dədə-baba torpaqlarına sadiqdirlər. Hər qapıda belə löhvhələr var. Bunların hamısını yerli sakinlər öz hesabına ediblər. Hansı evdən şəhid çıxıbsa,  onun qapısına belə lövhə vurub xatirəsini yaşadırlar. Kəndin qəbiristanlığında isə bəzi qəbirlər tamamilə dağıdılsa da, salamat qalanları da var. Dağıdılmış tikililərin arasında Tağıyevlərin də evləri var. Firdovsi Tağıyev söz verdiyi kimi  yurd yerini, böyüyüb boya-başa çatdığı evi oğluna danışa-danışa göstərir: “Mənim Vətənim burdan başlayır. Bax,  bu külü qalmış ata ocağından. Bu külü qalmış bu ocaq mənə hər şeydən müqəddəsdir. Mənim orda da evim var, ama o mənim üçün ev deyil. Bu  daha yaxşıdı mənə. Mən bu torpağı istəyirəm. Mən bu külü, bu torpağı istəyirəm. Mənə başqa heç nə lazım deyil. Mənim burda keçirdiyim hissi heç kim başa düşməz. Mən açığını deyim ki, otuz ildə biz heç iki saat yaxşı yuxu yatmamışıq. Bu tərbiyəni bizə ata-anamız verib. Bizim ailə dəyərlərimiz olub, Vətənə, torpağa bağlı olmuşuq. Biz burda qayğı görmüşük”.

Burda dağıdılan evin əşyaları da qalıb. Sanki onlar da öz sahiblərini gözləyirdi. Firdovsi Tağıyev deyir ki, kəndimizdə hamının səhəngi olub, qızlar səhənglə bulaqdan su gətirərdilər. Bu da rəhmətlik nənəmin səhəngidir. Oralar yanıb tökülmüşdü, dağıntıların altından tapıb çıxardım. Bu daha müqəddəsdir bizim üçün. Böyrü-başı dağılsa da, çırılsa da, bunun xatirəsi ayrıdı...

Firdovsi dayı təsərrüfatla bağlı artıq hər yay kəndində olur. Amma Alxaslı oğlu Sənanın təsəvvüründə atasının danışdığı hekayələr kimi qalıb.

Firdovsi Tağıyev deyir ki, hər zaman bizim evimizdə bayramlarda, özəl günlərimizdə buranın həsrətini çəkmişik, biz bu kəndimizə qayıtmağı gözləmişik.

Sənan Tağıyev danışır ki, atam bizə heç vaxt deməyib ki, biz qayıtmayacağıq, o, həmişə deyirdi ki, biz Laçına qayıdacağıq gec və ya tez. İlk dəfədir ki, doğulduğum evdən bu qədər uzaqdayam. Ancaq yenə özümü evimdəki kimi hiss edirəm.

Sənan Tağızadə kövlək hisslərini “Ruhani”havası ilə ifadə edir. Deyir ki, qayıdışımızın səsi qoy,  Alxaslı kəndinin dörd-bir yanına yayılsın. Torpaq da, boş qalan, dağıdılan evlər də, yamaclar da, dağlar da bilsin ki, kəndin sakinləri, sahibləri qayıdıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər