22.11.2024, 12:44
AZ EN
12.08.2022, 11:48 531

O da döyüşdə ağ ümid idi...

XƏBƏRLƏR
  • “Ağ xalat – ağ ümid, ağ işıq...” Bu misra həkim-bəstəkar Şahin Musaoğlunun hərbi sahədə çalışan həmkarlarına həsr etdiyi vətənpərvər ruhlu mahnısındandır. Ölkəmizin tarixi zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində ağ ümid kimi silahdaşlarının həyatını xilas edən həkimlər də misilsiz fədakarlıqlar göstəriblər. Vətən müharibəsinin şəhidləri arasında 42 tibb işçisi, o cümlədən 9 həkim vardır. Onlardan biri də baş leytenant Adil Qədir oğlu Əfəndiyevdir.

O, 1995-ci il avqustun 12-də saz-söz yurdu Qazaxda anadan olub. 2012-ci ildə Qazax şəhərindəki Mehdi Hüseyn adına məktəb-liseyi əla qiymətlərlə bitirib. Azərbaycan Tibb Universitetində ali təhsil alıb və hərbi həkim ixtisasına yiyələnib. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlayıb.

Vətən müharibəsi başlananda Adilin cəmi 25 yaşı vardı. O, bu qısa ömür müddətinə nələri sığdırmamışdı?! Yaxşı qardaş, yaxşı oğul, yaxşı dost, nümunəvi şagird və tələbə olmağı bacarmışdı. Vətənin azadlığı uğrunda döyüşlərdə isə qəhrəman bir döyüşçü-həkim kimi tarixdə iz qoydu.

Adilin müharibədə iştirak etdiyindən anasının xəbəri olmayıb. Anası nigaran qalmasın deyə bunu təkcə atasına deyib. Atasına da bərk-bərk tapşırıb ki, anam bilməsin. Anası Afət xanım o günləri belə xatırlayır: “Oktyabrın 18-nə kimi telefonla danışırdıq, sonra əlaqəmiz kəsildi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi üçün tez-tez dağa qalxırdılar. Sonuncu dəfə mənə dedi ki, “Ana, dağa çıxırıq yenə, zəng çatmasa narahat olma”. Mən də ağladım, qayıtdı ki, niyə ağlayırsan, hər zaman getdiyim yerlərdir, narahat olma, gələcəyəm...”

Afət xanım Adilin həm də müəllimi olub: “O qədər tərbiyəli, ağıllı idi ki... Heç dərs dediyim məktəbin müəllimləri, direktoru da bilmirdi ki, o mənim oğlumdur. Yəni, heç vaxt mənim başımı aşağı salası, utandırası bir hərəkət eləməmişdi...”  Atası Qədir kişi əlavə edir ki, oğlum həkim olsa da, özünü həmişə əsgər kimi hiss edirdi: “O, Azərbaycan Tibb Universitetinin seçilən tələbələrindən olub. Hərbi tibb fakültəsini özü seçmişdi, elə bil oğlumun ürəyinə damıb ki, ona çox ehtiyac olacaq Vətənin dar günündə Vətəni qoruyan oğulları xilas etmək üçün...”

Müharibədən sonra şəhid ailələrinin üzvlərindən bir qrupu Qarabağ torpağına yollananda Adilin valideynləri də onların arasında olublar. Afət xanım uzun müddət üzünə, özünə həsrət qaldığı oğlunun son nəfəsini verdiyi Xocavəndin Tuğ kəndinə, onun qoxusunu almağa gedib: “İlk dəfədir ki, mən Qarabağa gedirdim, Adilin şəhid olduğu yeri ziyarət edirdim. Düzdür, çox çətindir bir ana kimi. Onun yoxluğuyla barışmaq olmur. Amma yenə də mən onunla fəxr edirəm. Adilə əmr ediblər ki, həkimlər irəli getməsin, yaralı əsgərləri sanitarlar döyüş bölgəsindən çıxarsın. O, da deyib ki, “mən komandirimi özüm xilas etməliyəm”. Mənim oğlum heç vaxt arxada gözləyə bilməzdi. O, komandiri, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyatını xilas etmək istəyərkən özü də onunla birgə oktyabrın 22-də şəhadətə ucalıb”.

Baş leytenant Adil Əfəndiyev Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə neçə-neçə hərbçinin yarasına məlhəm qoyub, ağ xalatlı qəhrəmanımız sanki yaralı əsgərlərin ümid işığı olub. Cəbhədən-cəbhəyə atılan fədakar həkimin şücaəti diqqətdən yayınmayıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən ilə Adil Əfəndiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətə görə”,“Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər