21.09.2024, 23:57
AZ EN
25.07.2024, 09:57 158

Cəbrayılın iki kəndində genişmiqyası bərpa işləri aparılır

XƏBƏRLƏR
  • Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndinin yenidən qurulması və inşası üzrə layihələndirmə xidmətlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.

"Vətən səsi" xəbər verir ki, sifarişçi təşkilatın bir müddət əvvəl elan etdiyi tenderin qalibi “Azin Construction” MMC olub. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq  “Azin Construction” MMC Böyük Mərcanlı kəndinin yenidən qurulması və inşası üzrə layihələndirmə işlərini həyata keçirəcək. Bunun müqavilində sifarişçi təşkilat həmin şirkətin hesabına 1 milyon 22 min 576 manat vəsait köçürəcək.

Prezident İlham Əliyevin iştirakı ilə bu ilin mayında təməli qoyulan Böyük Mərcanlı kəndində 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq.

2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

İşğaldan azad olunduqdan sonra bərpasına başlanmış Şükürbəyli kəndində də tikinti işləri sürətlə davam edir. Cəbrayıl rayonunun ən böyük yaşayış məntəqələrindən olan Şükürbəyli kəndində bərpa işlərinə bir neçə şirkət cəlb edilib. Məsələn, yenidənqurma işləri çərçivəsində məktəb binasının inşası başqa bir tenderlə qalib seçilmiş “HN Construction” QSC-yə həvalə olunub. Həmin şirkət 1042 ailənin (birinci mərhələdə - 635 ailə) köçürücləcəyi Şükürbəyli kəndində 360 şagird yerlik tam orta məktəb üçün bina inşa edəcək.

Şükürbəyli kəndinin yenidən qurulması çərçivəsində 88 fərdi yaşayış evinin tikintisini “Hovers Group” MMC, daha 60 evin inşasını isə “Hermes-S” Mənzil-Tikinti Kooperativi   həyata keçirəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər