09.06.2025, 18:11
AZ EN
23.07.2024, 17:24 283

Dendrologiya İnstitutu Oxçuçay ətrafına ekspedisiya təşkil edib

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun işçi qrupu Zəngilan rayonu Oxçuçay ətrafı ərazilərində ekspedisiyada olub.

İnstitutdan bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar və 2024-cü ilin plan proqramına uyğun olaraq, elmi-tədqiqat işlərinin icrası üçün Zəngilan rayonu Oxçuçay ətrafı ərazilərinin torpaq, su, bitki örtüyü göstəricilərinin kompleks tədqiqi məqsədilə monitorinq təşkil edilib.

Tədqiqat ərazisində adi boymadərən, pişik dırnağı, Qafqaz xanımotu, əyilən tozağacı, quşəppəyi, canavargiləsi, üskükotu, erkək ayıdöşəyi, qara bat-bat, Qafqaz ardıcı, dərman qıjısı, qaraqınıx, murdarça, itburnu, kəklikotu, ürəkvari cökə, ikievli gicitkən, qaragilə və digər dərman əhəmiyyətli bitkilər qeydə alınıb.

Ekspedisiya qrupu tərəfindən Oxçuçayın ekoloji göstəriciləri və ətraf ərazilərdə yayılan bitkilərdə sintez olunan xlorofilin ümumi miqdarı təyin edilib və bitki örtüyü sistematik tədqiq olunub.

İnstitutun Bitki mühafizəsi laboratoriyasının əməkdaşları tərəfindən Zəngilan rayonu dendroloji bitkilərin xəstəlik törədicilərinin və zərərverici həşəratların müəyyən edilməsi, onlara qarşı ekoloji təhlükəsiz mübarizə üsullarından və vasitələrindən istifadə etməklə innovativ yönümlü mübarizə tədbirlərinin hazırlanması istiqamətində müşahidələr aparılıb, təbii dendrofloranın bioekoloji xüsusiyyətləri araşdırılıb, bitkilərdə xəstəlik və zərərvericilərin müasir vəziyyətinin tədqiqi üzrə qeydlər edilib.

Oxçuçay ətraf ərazilərinin inventarlaşdırılması və qiymətləndirilməsi istiqamətində dominant, subdominant növlərin müasir vəziyyətinin tədqiqi, biomüxtəlifliyin nadir növlərin təbii bərpasının təmin edilməsi araşdırılır. İqlim dəyişkənliyinin bitki örtüyünün taksonomik tərkibinə təsiri, bitki növlərinin təbii bərpası, genofondun bərpasının öyrənilməsi istiqamətində tədqiqatlar aparılıb, əlverişsiz iqlim və antropogen amillərin meşə fonduna təsiri araşdırılıb.

Mərkəzləşdirilimiş eksperimental laboratoriyanın əməkdaşları torpaq şoranlaşması, torpaq və hava temperaturu, havanın nisbi rütubəti, quraqlıq, yüksək və mənfi temperatur göstəriciləri və radiasiya fonunun dinamik dəyişməsi, quraqlıq və şoranlaşma şəraitində ağac və kol bitkilərinin boy və inkişaf dinamikası, torpaqdakı duz ionlarının və yarpaqlarda xlorofilin miqdarının təyini istiqamətində laboratoriya şəraitində tədqiqatları davam etdirilməsi məqsədilə nümunələr götürüblər. (AZƏRTAC)

Oxşar xəbərlər