Anası deyir ki, Fədailin həm də gözəl səsi varmış. 21 yaşlı gənc övladından ayrı düşmüş ana onlara çox ağır olsa da torpaqlarımız uğrunda şəhid olmuş oğulları ilə qürur duyur: “Fəxr edirəm ki, Vətən üçün onun kimi bir oğul böyütmüşəm. Fədail döyüşdə sağ qolundan yaralansa da “irəli!” deyərək qabağa gedib. Mənim, bütün Qobustan rayonunun, Azərbaycan xalqının başı ucadı. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Bizim şəhidlərimiz vurulanda yox, yalnız unudulanda ölürlər”.
Bu gün Azərbaycanın qəhrəman oğlu, şəhid Fədail Fərhad oğlu Nadirovun doğum günüdür. O, 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Orta məktəbi bitirib və “N” saylı hərbi hissədə Vətənə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Fədail Nadirov oktyabrın 26-da şiddətli Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Qobustan rayonunun Bədəlli kəndində böyük izdiham və ehtiramla dəfn olunub.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Fədail balamız!
Mina RƏŞİD