19.12.2024, 22:20
AZ EN
19.07.2024, 10:34 271

Hüseyn səngərə sığışmırdı…

XƏBƏRLƏR
  • Hüseyn Gəncədə doğulub. Üzügülər, xoşxasiyyət olan bu oğlan idmanı çox sevirdi. O, əvvəlcə taekvando, sonra isə kikboksinq üzrə idmanla məşgul olub və bir çox yarışlarda uğurlar qazanıb. Hüseynin idmançı olması ona hərbi xidmətində çox kömək olub. Vətən Müharibəsi başlayanda isə könüllü olaraq döyüşə getmək isyəyən əsgərlərdən birincisi olub. Beləcə, Hüseyn torpaqlarımızın azadlığı uğrunda qızgın döyüşlərə qatılıb. Həmişə irəlidə gedən, səngərə sığmayan bu cəsur əsgər bir gün ağır döyüşlərdə yaralanır. Ancaq o ruhdan düşmür, hələ tam sağalmamış döyüş meydanına can atır. Yenidən döyüşlərə qatılan Hüseyn vuruşaraq şücaətlər göstərir…

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, 19 yaşlı əsgər Mirzəyev Hüseyn Elsevər oğlunun doğum günüdür. O, 2001-ci il iyulun 19-da Gəncə şəhərində doğulub. 2018-ci ildə Gəncə şəhər 46 nömrəli tam orta məktəbi bitirib. 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Vətənə xidmətə başlayıb.
27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ Müharibəsində Hüseyn Mirzəyev döyüşə qatılan ilk əsgərlərdən biri olub.

Hüseyn Mirzəyev Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən qızğın döyüşlərdə mərdliklə vuruşub. Cəsur əsgər
2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin nəşi uzun müddət neytral zonada qalıb. Nəhayət 2020-ci il dekabrın 22-də qəhrəman şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib. Şəhidimiz doğma Gəncə şəhərində   Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hüseyn Mirzəyev "Vətən uğrunda" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimizin atası Elsevər Mirzəyev oğlu ilə fəxr etdiyini bildirir: “30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızı Hüseyn kimi mərd, qorxmaz oğullar bizə, xalqımıza qaytardı. Hüseyn bu gün tək mənim deyil, bütün Azərbaycan xalqının oğludur”.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Hüseyn balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər