Tarixi mənbələrə görə, Qaraqoyunlu dərəsindən ilk köç hələ 1892-ci ildə baş verib. Bu köç Osmanlı-Rusiya müharibəsində Çar Rusiyasının Osmanlı qarşısında qoyduğu tələblərdən biri kimi tarixin səhifələrinə keçib.
Çar hökumətinin apardığı işğal siyasətinin tərkib hissəsinə aid olunan bu köçürülmə nəticəsində əhali Türkiyənin Amasiya bölgəsində məskunlaşır.
Bir neçə cəbhədə müharibə aparan Osmanlı hökuməti Qaraqoyunluların dağlıq ərazilərdən köç etməsinə baxmayaraq, onları aranda, isti ərazilərdə yerləşdirməyə məcbur oldu. Beləliklə, əhalinin coğrafi baxımdan bu torpaqlara uyğunlaşa bilməməsi sonradan köç edənlərin bir hissəsini geri – dədə-baba torpaqlarına qayıtmağa məcbur edir. O zaman Osmanlıya köç edənlər arasında köçkünlük dərdini qələmə alan Hacı Əmirxan bu nisgili qohumu Molla Məhəmmədə yazdığı bir məktubda belə canlandırır:
Əmirxeyrin, Bəryabadın meşəsi,
Açılıb laləsi, tər bənövşəsi.
Dəstə-dəstə gəzir gəlin, qızlar dəstəsi,
Bu yerləri qoyub gedən ağlasın.
Püstə, Dikdaş, bir də Nigar bulağı,
Qarayasdı Tuklutəpə oylağım.
Tazucan gərdəni, Qanqallı dağı,
Bu yerləri gəzib görən ağlasın.
Yanıqpəyə, Xalıkəndi, Xaraba,
Qaraqaya, Kilsə gəlir xəyala,
Ceyran, cüyür qarışıbdır marala,
Bu yerləri görüb gedən ağlasın.
Qaraqoyunluların bir hissəsi doğma dədə-baba torpaqlarına qayıtsa da, onların digər hissəsi Osmanlıda qaldı. Ona görə də indiki Türkiyə ərazisində olan Əzirkörpü, Tokat, Sivas, Amasiya və Merzifonda qaraqoyunlular yaşayırlar. Amma onları orada şirvanlı, ya da qarapapaqlar kimi tanıyırlar.
Tarixi baxımdan Qaraqoyunlu mahalı 1920-ci ildə Sovet hökuməti tərəfindən Qərbi Azərbaycanın əzəli torpaqlarında yaradılan Ermənistan SSR-in tərkibinə verilməklə Çəmbərək (Krasnoselsk) rayonunun ərazisi kimi rəsmiləşdirilib.
Qaraqoyunlu mahalı qərb tərəfdən Gürcüstan respublikasının tərkibində qalan Borçalı, cənub tərəfdən isə Ermənistan respublikasına verilmiş faktiki Azərbaycan torpağı olan Dilican dərəsi ilə həmsərhəddir. 1988-ci ilə qədər tərkibinə qaraqoyunluların da daxil olduğu İcevan (Karvansaray) rayonunun inzibati mərkəzi olmuşdur. Qaraqoyunluların digər hissəsi isə Göyçənin bir hissəsi ilə birlikdə Çəmbərək (Krasnoselsk) rayonunun tabeliyinə verilmişdir. İcevan şəhərini Qazaxdan 30-35 km, Dilican şəhərini isə 80-85 km məsafə ayırırdı. Beləliklə, coğrafi üstünlüklərə sahib olan bu ərazidə İcevandan (Karvansaray) Dilicana tərəf gedəndə yolun boyu böyük bir mənzərə ilə qovuşur. Tarixən bu dərəni Qaraqoyunlu dövlətinin sahibi Qara Yusifin adı ilə bağlayırlar və bu dərəyə Qaraqoyunlu dərəsi adı verilib.
Qaraqoyunlu dərəsinə bir-birindən gözəl mənzərəli oğuz kəndləri Polad, Salah, Qaraqaya, Gölkənd, Çaykənd, dağlar qoynunda Əmirxeyir, Bəryabad, Cıvıxlı, Yanıxpəyə, Mürteyil, Agkilsə kəndləri və Dilican dərəsində yerləşən Haqqıxlı kəndi aiddir. Böyük bir ərazinin Qaraqoyunlu adlandırılması, türk mənşəli adlar olduğundan bir çox tarixi mənbələr də, bu bölgələrin ta qədim zamandan oğuz eli olduğunu bir daha sübut edir. 1919-cü ilin yazında silahlı ermənilərin hücumuna məruz qalmış bu kəndlərin əhalisi Azərbaycanın Qazax, Gədəbəy, Tovuz rayonlarına qaçmışlar.1922-ci ildə yenidən öz doğma torpaqlarına qayıtmış əhali yenidən 1988-ci ildə erməni təcavüzü nəticəsində əhali eyni faciəni təkrar yaşamışdır.
Elmə, mədəniyyətə böyük maraq göstərən bu bölgədə görkəmli insanlar yaşamışlar. Burada, əsasən, məktəbdarlıq xüsusilə seçilib. Həmin məktəblərdə peşəkar və olduqca tələbkar müəllimlər çalışıb. Milli adət-ənənələrə sahib olan bölgənin özünəməxsus qayda-qanunları bütövlükdə kənd əhalisinin yaşam tərzinə çevrilmişdi və bu adətlər gənclərin təhsilinə, tərbiyəsinə xüsusi çalarlar qatırdı. Yaxşı təhsil alan kənd uşaqlarını hamı qonaq çağırar və bu xəbər olaraq kənd əhalisi üçün ən yaxşı təbliğat hesab olunardı. Eyni zamanda kiminsə elmi ad alması, yüksək nailiyyətləri, bir qayda olaraq, əsl bayrama çevirilərdi.
Məhz bu motivasiyanın nəticəsidir ki,1988-ci ilin deportasiyasına qədər statistik rəqəmlərində cəmi 300 ailədən ibarət olan birləşmiş Salah və Əmirxeyir kəndlərində ilk təhsillərini almış səxslərdən 15 elmlər doktoru və 50-dən çox elmlər namizədi yetişib. Bu rəqəmlər kifayət qədər yüksək göstərici idi.
Təbiətcə çox zəngin olan bu kiçik bölgə Bala Əfəndiyev (1937-ci ilin repressiya qurbanlarındandır) kimi görkəmli dövlət xadimi, tanınmış filosoflar Həmid Əfəndiyev, Asif Ata, siyasi şərhçi, tarix elmləri doktoru Həmid Əliyev kimi böyük alimlər, Rəşid Nəsiboğlu kimi bəstəkar, Misir Mərdanov kimi dövlət xadimi, böyük və kiçikliyindən asılı olmayaraq, elmin bütün sahələri üzrə sayılan alimlər, minlərlə ali təhsilli mütəxəssislər yetirmişdir.
Bölgənin ən böyük kəndi Gölkənd və Çaykənd kəndlərinin orta məktəbində çox güclü ziyalı təbəqəsi çalışmış və məktəb 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərmişdir. Gölkənd məktəbinin fəxr olunası Həmid Əliyev, Rəşid Əliyev, Həsən Allahverdiyev, Fərman Hacıyev, Niftalı Qocayev, Qara Namazov, Vəli Qocayev, Sabir Əliyev, Qayıbverdi İsgəndərov, Mircəfər Nəbiyev, İlham Səlimov, Nəsimi Kazımov, Vahid Kərimov, Fərman Məmmədov, Cavanşir İsgəndərov, Allahverdi Allahverdiyev, Nəbi Babayev, Ələsgər Sarıyev, Tofiq Süleymanov, Xəlifə Hacıyev, Tofiq Kərimov, Ramiz Rüstəmov, Eldar Məmmədov, Teymur Əlləzov Zeynal Hacıyev, Əmrullah Ağamalıyev, Ağamalı Ağamalıyev, Təhmasib Əliyev və digər neçə-neçə alimi, professoru, elmlər namizədi, həkimi, müəllimi, mühəndisi, iqtisadçısı, kənd təsərrüfatı mütəxəssisi, başqa ixtisas sahibləri olan məzunları olub.
1903-cü ildə Əmirxeyir kəndində anadan olmuş Şəmşəd Sarı oğlu Əliyev, 1907-ci ildə Əmirxeyirdə anadan olmuş Alı Qələndər oğlu Alıyev (1948-ci ildə Pantürkist kimi Sibirə sürgün edilmiş repressiya qurbanı), 1908-ci ildə yenə də Əmirxeyirdə doğulmuş, İrəvan Pedaqoji Texnikumunu, Bakıda ali məktəbi bitirərək, ali məktəbdə işləmiş Reyis Niftalı oğlu Məmmədov, 1908-ci ildə Çaykənddə dünyaya göz açmış, Sumqayıt Boru Prokat Zavodunda işləmiş və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Murad Mahmud oğlu Zeynalov və başqaları ilk təhsillərini Çaykənd məktəbində almışlar.
Ermənistanda ilk azərbaycanlı kimi Ermənistan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüş Şəmşad Sarı oğlu Əliyev 1903-cü ildə Əmirxeyir kəndində anadan olmuşdur. Ümumiyyətlə, Qaraqoyunlu dərəsinin pedaqoji mühiti deyiləndə Əmirxeyir məktəbinin adını fəxrlə çəkmək olar. Əsası Şəmşad Sarı oğlu Əliyev tərəfindən qoyulmuş bu məktəbin məzunlarının adları sonradan respublikamızın elm sahəsinə böyük töhfələr vermişdir.
Əliyev Şəmşəd Sarı oğlu 1903-cü ildə Gəncə quberniyasının Qazax qəzasının Dilican nahiyəsinin Əmirxeyir kəndində anadan olmuşdur. O, ilk yeddiillik təhsilini Çaykənd kəndində fəaliyyət göstərən məktəbdə almışdır. Şəmşəd Əliyev 7-ci sinfi bitirdikdən sonra kamil biliyə sahib olduğu nəzərə alınaraq Əmirxeyir kənd məktəbində müəllim kimi fəaliyyətə başlayır. Daha sonra təhsilini davam etdirmək üçün Basarkeçər rayonuna ixtisasartırma kursuna göndərilir. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra Əmirxeyir kəndində ibtidai təhsil məktəbinin əsasını qoyur və uzun illər məktəb müdiri kimi fəaliyyət göstərir. Şəmşad Əliyevin əvəz olunmaz xidmətlərindən biri də Əmirxeyir kəndində savadsızlığın ləğv edilməsində axşam kurslarının açması idi. Bu kurslar kənd əhalisinin, eləcədə yaşlı nəslin sərbəst yazıb-oxumasına xidmət edirdi. Kənd əhalisinin savadlanmasında gərgin əmək sərf edən Şəmşad Əliyev eyni zamanda qiyabi olaraq İrəvan şəhərindəki N.Nərimanov adına Türk Pedaqoji texnikumuna daxil olur və 1930-cu ildə texnikumu müvəffəqiyyətlə bitirir. O zamankı ağır ictimai-siyasi vəziyyəti nəzərə alan pedaqoq kənddə ilk partiya təşkilatını yaradır və partiyanın katibi seçilir. Daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu Ağa Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi təşkil etmişdi. Həmin könüllülərdən biri də Şəmşəd Əliyev olmuşdur.
Ş.Əliyev 1948-ci ilə kimi 26 il fasiləsiz olaraq Əmirxeyir məktəbində həm müdir, həm də müəllim kimi dərs deyib. Qaraqoyunlu dərəsində böyük rəğbət və nüfuz sahibi olan Şəmşad Əliyev maarif sahəsindəki xidmətləri yüksək qiymətləndirilərək, 1940-cı ildə Ermənistan Respublikasının ilk azərbaycanlı "Əməkdar müəllim"i adına layiq görülmüşdür. Əmirxeyir camaatı bu illərdə haqlı olaraq kənd məktəbini "Şəmşəd məktəbi" adlandırırdılar. Onun vaxti ilə dərs dediyi 70 evlik kəndin şagirdlərindən 15 nəfəri elmlər doktoru, 30-dan çoxu elmlər namizədi adına layiq görülmüşdür.
Bütün ömrünü əhalinin savadlanmasına xidmətə sərf edən Şəmşad müəllim 1948-ci ildə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası zamanı Gədəbəy rayonunun Arabaçı kəndinə köçmüş, orada da müəllimlik fəaliyyətini davam etdirmişdir. Ömrünü, bütün əmək fəaliyyətini məktəbə, müəllimlik peşəsinə həsr etmiş Şəmşad Əliyev 1983-cü ildə Gədəbəy rayonunda vəfat etmişdir. Çox qəribə də olsa, Şəmşad müəllimə kənd camaatı "Peyğəmbər adam" deyirmiş.
Şəfayət AVILBƏYLİ (Əliyev)