08.09.2024, 05:38
AZ EN
19.01.2022, 17:52 704

Şərəflə yaşanan ömür

XƏBƏRLƏR

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəfdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəlib. Onların ömür yolu qısa olsa da, hamımız üçün örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də  44 günlük Vətən müharibəsinin şəhidi Rauf Səxavət oğlu Əliyevdir.

O, 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdı. Orta təhsilini Bakıda, Nəsimi rayonundakı 19 nömrəli məktəbdə alan Rauf tükənməyən arzularla, istəklərlə həyatın ağuşuna atılmışdı. Arzusu peşəkar kompüter mütəxəssisi olmaq, bu sahədə uğur qazanmaq idi...

2015-ci ildə Azərbaycan Tex­niki Universitetinin İnformasiya və texnologiya fakültəsini bitirmiş, 2016-cı ildə hərbi xidmətə yollanmış və Aprel döyüşlərinin fəal iştirakçısı olmuşdu. Lələtəpə yük­sək­­liyinin alınması uğrunda gedən döyüşlərdə fərqləndiyinə və hərbi xidmətini şərəflə yerinə yetirdiyinə görə Müdafiə Nazirliyi tərəfindən layiq görüldüyü Fəxri Fərmanı Raufa Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov təqdim etmişdi. 

Hərbi xidmətdən sonra əmək fəaliyyətinə “Celt Colleges” hazırlıq kurslarında ingilis dili müəllimi olaraq başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə çalışmışdı. Sonuncu iş yeri Azər-Türk Bankda proqramçı vəzifəsində çalışırdı. Proqramlaşdırma üzrə bir çox beynəlxalq sertfikartları qazanmışdı, bir neçə xarici ölkədə təlimlərdə iştirak etmişdi. İşinin peşəkarı kimi rəhbərliyin və kollektivin xüsusi rəğbətini qazanan Rauf ingilis və rus dillərini mükəmməl bilirdi. Həm də həvəskar gitara ifaçısı idi. Özünəməxsus ifa tərzi və səs çaları vardı. Dostları arasında səmimiliyi və təvazökarlığı ilə hər zaman seçilirdi. 

27 sentyabr 2020-ci il... Vətənimizin şanlı tarixinə yazılan Qələbə yürüşünün başlanğıcı...  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz işğalçılara qarşı əks-hücum əməliyyatına başladı. Vətənin minlərlə övladı ərazi bütövlüyümüzün bərpası naminə silaha sarılaraq onun müdafiəsinə qalxdı. Onların arasında Rauf da vardı.

Cəbrayıl, Füzuli, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad edilməsində fəal iştirak etdi. Döyüşlərdə hər zaman öndə olması ilə fərqlənirdi. 

Oktyabrın 22-də Xocavənd rayonunun Ərgünəş kəndi uğrunda döyüşlər gedirdi. Bu döyüşlərdə Raufun xidmət etdiyi bölük də iştirak edirdi. Vətənpərvər gənc böyük cəsarətlə vuruşurdu. Lakin döyüşün qızğın vaxtında düşmən mərmisinin qəlpələri onun həyatına son qoydu. Vətən torpağı yenə bir övladının qanına boyandı. O torpaq ki, Raufu şəhidlik zirvəsinə ucaltdı, onun adını xalqımızın qəlbinə əbədi yazdı.

Rauf qısa, lakin mənalı ömür yaşadı. Bu ömrə Vətənin, torpaqlarımızın bütövlüyünü sığdırdı. Cəsur əsgər, Vətənini canından çox sevən Rauf Əliyev 23 oktyabr 2020-ci ildə Bakıda II Şəhidlər Xiyabanında dəfn edildi. “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu gün xalqımızın and yerinə çevrilən xiyabanı hər gün minlərlə vətəndaşımız ziyarət edir və şəhidlərimizin ruhuna dualar oxuyur.

 

...Siz ey Vətən yolunda

şirin canından keçib,

İgidliyi, mərdliyi

özünə amal seçib,

Ömrün bahar çağında

həyatdan erkən köçüb,

Ölümüylə bu yurdu,

torpağı yaşadanlar,

Yaşayan hər ömürdə

qanınız, canınız var!

 

Rövşən MƏMMƏDOV

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun

mütəxəssisi

Oxşar xəbərlər