17.04.2024, 14:04
AZ EN
26.02.2024, 10:41 189

Xocalı sakini: Bağçada erməni tərbiyəçi oğlumun iki barmağını sındırmışdı

XƏBƏRLƏR
  • Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktıdır. Bu qətliam dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrin ən dəhşətlisi, bəşər tarixinin ən qanlı faciəsidir. Soyqırımından 32 il keçməsinə baxmayaraq, Xocalı qətliamı hər bir azərbaycanlının qan yaddaşındadır.

Xocalı rayonundan olan keçmiş məcburi köçkün Yusif Quliyevin ailəsi Masallı rayonunda məskunlaşıb. Yusif dayı o günləri xatırlamağın ağır olduğunu, həmin faciəni sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirir: “1988-ci ildə ermənilərin bizə qarşı növbəti soyqırımı siyasəti başlayanda mən dəmir yol stansiyasında işləyirdim. Burada mən və qardaşımdan başqa, digər işçilərin hamısı erməni idi. Xocalı faciəsinə kimi ermənilər azərbaycanlılara qarşı məkrli planlarını gizlin həyata keçirirdilər. Sonradan isə açıq-aşkar qətllər törətməyə başladılar. Harada azərbaycanlı görürdülərsə, döyüb-öldürür, axşamlar evlərə benzin dolu butulka ataraq od vururdular. Təsəvvür edin, bağçada erməni tərbiyəçi oğlumun iki barmağını sındırmışdı...”.

Yusif dayı deyir ki, həmin günlərdə qayınatası Şuşada rəhmətə getdiyinə görə, onlar ailəliklə Şuşa şəhərində yas mərasimində olublar: “Elə orada Xocalıda qətliam törədildiyini eşitdik. Sonra evimizə qayıda bilmədik. Şuşada bir müddət qalandan sonra Şirvan şəhərinə, oradan Masallı rayonuna gəldik, burada məskunlaşdıq”.

İllər keçməsinə baxmayaraq, əzizlərinin başlarına gətirilən müsibətləri unuda bilmədiyini söyləyən Xocalı sakini Kamilə Quliyeva da o günləri belə xatırlayır: “Qətliamdan bir həftə əvvəl atam Şuşada rəhmətə getmişdi, çətinliklə hüzrə gedib çıxa bildik. Ermənilərin Xocalıda qırğın törətdiklərini eşitdik. Öyrəndik ki, dayım oğlu, bacımın qaynı, qonşumuz Güllü xala da vəhşicəsinə öldürülüb. Yaşlı insanlar, qadınlar, körpə uşaqlar öldürülüb. O dəhşətli günləri heç vaxt unuda bilmirəm. Xocalı qətliamı bəşər tarixinin ən qanlı faciəsidir. Şükürlər olsun ki, Prezidentimizin siyasəti sayəsində ədalət Zəfər çaldı, şəhidlərimizin, günahsız insanların qanı yerdə qalmadı”.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. (AZƏRTAC)

Oxşar xəbərlər