23.06.2025, 08:12
AZ EN
20.06.2024, 10:37 358

20 yaşlı qəhrəmanımız

XƏBƏRLƏR
  • Adı çəkiləndə qəlbimizin qürurla dolduğu, Vətən Müharibəsində şücaətlər göstərən və canını doğma torpaqlarımız uğrunda fəda edən oğullardan biri də Saməddindir. Bu gün 20 yaşlı qəhrəman şəhidmizin doğum günüdür.  

Saməddin Mehman oğlu Fərziyev 2001-ci il iyunun 20-də Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olub. Atası Mehman kişi fiziki qüsurludur. Ailədə 3 qardaş və 3 bacı olublar. Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 25 yaşında dünyasını dəyişib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alıb. Saməddin qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olub, qatıldığı idman yarışlarında dəfələrlə uğurlar qazanıb.

Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini layiqincə yerinə yetirən Saməddin 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərinin iştirakçısı olub.

2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən Saməddin Fərziyev müharibədə iştirak edib, məharətlə döyüşüb, şücaətlər göstərib. Cəbhənin ən gərgin nöqtələrində düşmənlə üz-üzə duran xüsusi təyinatlı qəhrəmanımız Xocavənd rayonu uğrunda gedən şiddətli döyüşlərdə şücaət göstərib. Onun son döyüşü də elə Xocavəndin azadlığı uğrunda olub. Saməddin bu döyüşdə dostu Sənanla birlikdə döyüş tapşırığını yerinə yetirərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Tapşırıq uğurla yerinə yetirilib.

Oktyabrın 21-i Saməddin düşmənin minaatandan açdığı atəş nəticəsində şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Qaradağ rayonunun Lökbatan qəsəbəsində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Saməddin Mehman oğlu Fərziyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Doğmaları deyirlər ki, Saməddin müharibədə olduğu kimi ailədə də fədakar oğul idi. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Saməddin balamız!

Mina Rəşid

Oxşar xəbərlər