22.09.2024, 05:44
AZ EN
12.06.2024, 10:13 255

Son gülləmizədək döyüşəcəyik...

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidimiz, ordumuzun mayoru Elnur Yaqub oğlu Hacıyevin doğum günüdür. O, 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində oxuyub. Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə başlayıb. O, 2002-2006-cı illərdə Qobustan, 2006-2011-ci illərdə Tovuz, 2011-2015-ci illərdə Ağdam, 2015-2019-cu illərdə Gədəbəy, 2019-cu ildə isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib.

Mayor Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Elnur Hacyev oktyabrın 17-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Ucar Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılıb.

E.Hacıyev Vətənə xidməti boyunca qüsursuz fəaliyyətinə görə ölümündən əvvəl “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalına layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Hacıyev ölümündən sonra "Vətən uğrunda", «Suqovuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şəhidimizin anası Hicran xanım deyir ki, oğlum evdən çıxıb Hərbi Səfərbərlik İdarəsinə gedib. Oradan da birbaşa Bərdəyə aparıblar. Bərdədə bir yaxın dostu ilə görüşüb, belindəki hərbi kəmərini də açıb ona bağışlayıb. Elə bil qayıtmayacağı ürəyinə damıbmış. Oradan birbaşa döyüşə yollanıb. Elnurda əsl hərbiçi, döyüşçü xasiyyəti, qəhrəman hünəri var idi. Hələ müharibədən öncə qulluq etdiyi vaxtlarda əsgərlərindən, onların halından, xasiyyətindən danışmağı sevərdi. Əsgəri öz övladı bilərdi. Əsgərləri də həmişə onu, ən əziz dostu, qardaşı sanardı. Son tikəsini də onlarla bölərdi…

Elnur oktyabrın 17-də günorta vaxtı zəng etmişdi. Narahat olduğumu dedim. Dedim top səsi evimizin içinə kimi gəlir. Hətta düşmənin raket zərbəsi ilə qonşu Alpout kəndini vurduğunuda dedim. Narahat olma, dedi. Gülürdü… Bizə dedi ki, ora da raket düşə biləcəyindən narahatsınızsa, gedin Bakıya. Bakıda ev almışdı. 2019-cu ildə dekabırın 31-də evinə yığışmışdı. İnanın, üç gün dostları başına yığışıb, yeyib, içib, deyib gülmüşdülər. Dostlarını çox sevərdi, balam.

Dedi ki, bu dəqiqə dostlarıma deyəcəm gəlib sizi Bakıya aparsınlar. Aradan heç bir saat keçmədi, dostu gəldi. Bacısıgili göndərdim. Amma özüm getmədim. Sən demə, elə həmin gün Elnur Hadrut uğrunda gedən döyüşlərdə ayağından və qarnından yaralanıbmış. Döyüş yoldaşları, əsgərləri nə qədər xahiş edib, dilə tutublar ki, geri çəkil, müalicə al. Razı olmayıb. Deyib ki, mən bir zabitəm. Əsgərimi döyüş meydanında qoyub, geri çəkilsəm, mənim adım, şərəfim nə olar? Özü öz yarasını sarıyıb. Döyüş yoldaşları deyir ki, Suqovuşan uğrunda gedən döyüşlərdə Elnurun komandirlik etdiyi qrup mühasirəyə düşür. Düşmənlə qeyri bərabər döyüşdə Elnurgilin döyüş sursatı tükənmək üzrəymiş.

Balam əsgərlərinə deyib ki, nə mövqeden geri çəkilmək var, nə də təslim olmaq. Son patronumuza qədər döyüşəcəyik. Əgər son anda başqa çıxış yolu olmasa özümüzü şəhid edəcəyik. Elnur döyüşə gedəndən şəhidliyə hazır idi. Son anda Xüsusi Təyinatlılar gəlir, həm Suqovuşanı azad edirlər, həm də Elnurun dəstəsi mühasirədən çıxır.

Şəhidimizin özündən sonra bir qızı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər