Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan MAXE əsgər Həsən Səfər oğlu Həsənov 1996-c il iyunun 3-də Sabirabad rayonunun Qruzma kəndində anadan olub. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanıb, 2014-cü ildə orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
2016-cı ilin may ayında ordu sıralarından tərxis olunaraq doğma kəndinə qayıdan Həsən Həsənov müxtəlif işlərdə çalışsa da, fikri cəbhədə idi, hər gün baş verən hadisələri izləyir və orada olmaq, düşmənə həddini göstərmək üçün fürsət axtarırdı. Bu fikirlə o,Tovuz hadisələri zamanı çağırış gözləmədən döyüş zonasına gedib, üç gün sonra isə geri dönərək könüllü cəbhəyə getmək üçün Hərbi Komissarlığa ərizə ilə müraciət edib. 2020-ci il sentyabr ayının ortalarında Müdafiə Nazirliyindən telefonuna daxil olan zənglə arzusu qismən reallaşıb və sentyabrın 21-də Ölkə Prezidenti İlham Əliyevin ilk çağırışı ilə cəbhəyə yollanıb.
Beyləqanda yerləşən “N” saylı hərbi hissədə təlimlərə qoşulan Həsən, müharibənin başlandığı ilk gündən – sentyabrın 27-dən etibarən Ordu Kəşfiyyatı Qrupu ilə döyüşlərə qatılıb. Kəşfiyyatçı döyüşçü Füzuli, Cəbrayıl, Hadrut, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, Zəngilanın dörd, Qubadlının isə üç kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak edib, düşmənin çoxlu sayda canlı qüvvəsinin, hərbi zirehli texnikasının məhv edilməsində, yaralı yoldaşlarının vaxtında təxliyyə olunmasında xüsusi igidlik göstərib, döyüşlərin birində düşmən mühasirəsinə düşən döyüşçülərin sağ-salamat mühasirədən çıxarılmasını təmin edib.
Cəsur döyüşçü oktyabr ayının 20-də Qubadlının Bala Soltanlı kəndi uğrunda gedən çətin və qanlı döyüşlərdə ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb və doğulduğu Qruzma kəndində böyük ehtiramla torpağa tapşırılıb.
Şəhidimiz ailəli idi, ölümündən sonra xatirəsini yaşadacaq Həsən adlı oğlu dünyaya gəlib.
Bu gün qəhrəman Vətən oğlu, şəhid Həsən Həsənovun doğum günüdür.
Cənnətdəki doğum günü mübarək, məzarı nurla dolsun, qəhrəman şəhidimizin!
Mina RƏŞİD