TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, tibbi müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan şəhər və uşaq poliklinikaları, Sumqayıt Tibb Mərkəzi, Gəncə və Şirvan Şəhər Mərkəzi Xəstəxanaları, Abşeron, Yevlax, Şamaxı, Füzuli, Beyləqan və Qazax Rayon Mərkəzi Xəstəxanaları tərəfindən aparılıb.
İşğaldan azad olunan ərazilərə köçürülən əhali üçün kateqoriyalarına uyğun olaraq müvafiq mütəxəssislər, o cümlədən kliniki-laborator və instrumental müayinələr həyata keçiriblər.
Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində və “Böyük Qayıdış” layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunur.
Müayinələrin aparılmasında əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyənləşdirilməsidir.
Qeyd edək ki, indiyədək “Böyük Qayıdış” layihəsi çərçivəsində Füzuli rayonuna ümumilikdə 680 ailə, 2557 nəfər TƏBİB tabeli tibb müəssisələrində tibbi müayinədən keçirilib. (AZƏRTAC)