23.12.2024, 20:54
AZ EN
30.11.2024, 16:19 202

Qərbi Azərbaycanın mənimsənilməyə cəhd edilən mədəni irsi - Qız qalası

XƏBƏRLƏR
  • Ermənilərin ermənicə tərcümədə “Axçka Berd” adlandırdıqları Qız qalası Qərbi Azərbaycanın (indiki Ermənistan) Tovuz mərzi deyilən ərazisində yerləşir. 1995-ci ildə ermənilər tarixi saxtakarlığa yol verərək ərazinin adını dəyişib “Tavuş” adlandırıblar. Ermənilərin sahib çıxmaq istədikləri Qız qalası abidəsinin kimə məxsus olması və nə məqsədlə, kim tərəfindən tikildiyini öyrənmək üçün qalanın adına nəzər salaq. "Qız" sözünün qədim mənalarını araşdıranda məlum olur ki, bu, erməni mədəniyyətindən çox uzaqdır. Belə ki, erməni lüğətlərində tapılmayan bu sözə qədim türk sözlüklərində rast gəlinir. Məlum olur ki, qədim türk sözlüklərində “qız” sözünün iki mənası olub: biri gənc qadın, digəri isə quzğun (yırtıcı quş).

Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Qərbi Azərbaycanın mənimsənilməyə cəhd edilən mədəni-irsi - Qız qalası” adlı məqaləsində yer alıb. 

Qədim türklər qartal, quzğun, şahin kimi yırtıcı quşları totem və onqonlarına daxil etmişdilər. Türklər bu quşlara xilaskar, qoruyucu kimi baxırdılar və yaşadıqları yerlərə hətta övladlarına da bu quşların adlarını verirdilər ki, totem və onqonlar onları qorusunlar. Məhz bu baxımdan Qız qalasının adının da bu inamdan yarandığı ehtimalı daha uyğun görünür. Hələ Hun dövründən məlum olan “qırqız” etnonimində də “qız” sözü “quzğun” mənasında işlənib. “Qır” sözü isə indi də türk dillərinin çoxunda “bozqır”, “səhra”, “çöl” kimi mənalandırılır. Ehtimal etmək olar ki, qalanın qır-qız - yırtıcı çöl quşu adlandırılması türk mənşəyinə uyğunluğunu sübut edir. Eyni zamanda, bu ad xalqın əzmkarlığını, iradəsini, cəsurluğunu, döyüşkənliyini ifadə edir ki, bu da yalnız türk xalqlarına aid xarakterdir.

Qız qalası meşə ilə örtülü gözəl görüntülü Araxçan çayı ətrafındakı dağ zirvəsində tikilib. Qalanın ətrafı sıldırım qayalar, hündür mühafizə divarları və qüllələrlə əhatə olunub. Qala iki hissədən - yuxarı qala və aşağı qaladan ibarətdir, təxminən 10 hektar ərazini əhatə edir. Qalanın Şimal hissəsində çoxlu sayda bina xarabalıqları öz mövcudluqlarını indi də qoruyub saxlayır.

Hazırda Qız qalası barədə erməni alimlərinin uydurduqları nağıl və rəvayətlərin heç biri reallığı əks etdirmir. Belə ki, Azərbaycanın bu mədəni irs nümunəsini mənimsəmək üçün, erməni rəvayətlərinin və hətta “tədqiqatlarının” heç birinin elmi əsası yoxdur. Hətta ermənilərin qala barədə bir mənbədə uydurduqları, digər erməni mənbələrində elə özləri tərəfindən təkzib olunur. Erməni mənbələri qalanın adının “Cayenne” olduğunu iddia edir və monqol işğalı zamanı işğalçılara tabe olmayan erməni qız özünü qaladan çaya atıb öldürür. Bundan sonra “Cayenne” qalası, “Qız qalası” adlandırmağa başlayırlar. Erməni məlumatından belə məlum olur ki, qala monqol işğalından öncə mövcud olub. Qalanı sonralar monqollar işğal ediblər. Lakin digər erməni mənbələrində qalanın XII əsrdə tikildiyini iddia edirlər. Bu iddia qalanın monqol işğalı dövrü mövcud olmadığını göstərir. Ermənilərin də iddia etdikləri kimi qala XII əsrdə tikilibsə, həmin dövr, yəni, XII-XIII əsrlərdə bu ərazilər Səlcuq İmperiyasının tərkibində olub. Həmin dövrdə, Səlcuq Dövləti xarici təcavüzlərdən qorunmaq üçün, nəzarət etdikləri ərazilərdə bir çox istehkamlar, qalalar tikirdilər ki, onun biri də Tovuz mərzində yerləşən Qız qalasıdır.

Abidənin memarlıq quruluşunun müayinəsi zamanı onun həqiqətən də XII-XIII əsrlərdə Səlcuqlar tərəfindən tikildiyini ehtimal etmək olur. Lakin ermənilər bu qalanın da divar yazılarını, qəbirüstü abidələri, qala daxilindəki tikintilər üzərindəki elementləri dağıdaraq qala haqqında bütün məlumatları məhv ediblər. Üzərindəki divar yazılarının silinməsi abidəni öz tarixindən məhrum etmək məqsədi daşıyır və bu, ermənilər tərəfindən törədilən növbəti vandalizm aktıdır.

Göründüyü kimi, bu abidəni öz mədəni irslərinə aid etmək üçün ermənilərin iddialarının heç bir əsası yoxdur. Belə ki, XX əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində Rusiya tərəfindən suverenliyi elan olunan Ermənistan bu ərazilərdəki daşınan və daşınmaz mədəni irs nümunələrini mənimsəməklə özlərinə saxta tarix yaratmağa cəhd edib. (AZƏRTAC)

Oxşar xəbərlər