O xatırladıb ki, Laçının azad edilməsinə qədər Azərbaycan 44 günlük müharibə ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərini, Hadrut qəsəbəsini və bir çox digər əraziləri hərbi yolla işğaldan azad etmişdi: “Bu ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinə qarşı müqavimət göstərməyə cəhd göstərən düşmənin əsas qüvvələri darmadağın edilmişdi. Bu da Ermənistanda dərin hərbi-siyasi böhranın baş verməsinə gətirib çıxarmışdı. Laçın azad olunanədək düşmən bir neçə milyard dollarlıq silah-sursat və texnikasını artıq itirmişdi. Digər tərəfdən, həmin silah-sursat və texnikaların böyük hissəsi Azərbaycan tərəfindən qənimət götürülmüşdü.
Nəticə etibarilə Laçının düşmənin kapitulyasiya aktından sonra azad edilməsi Ermənistanın hərbi potensialının müqavimət immunitetini itirməsi ilə birbaşa əlaqəlidir. Vətən müharibəsində kifayət qədər böyük itkilərə məruz qalan Ermənistan Azərbaycan qarşısında məğlubiyyətini üçtərəfli birgə bəyanatı imzalamaqla təsdiqlədi. Təcavüzkar ölkə Ağdam, Kəlbəcər və Laçın rayonlarından öz xoşu ilə çıxmadı, bu rayonlardan çıxmağa məcbur oldu. Çünki İkinci Qarabağ müharibəsinin davam etməsi Ermənistan üçün daha ağır və fəlakətli nəticələr vəd edirdi”.
Ötən ilin sonundan başlayan ekofəalların aksiyası bu il Laçın nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə yekunlaşdı
Hərbi ekspertin sözlərinə görə, sonrakı iki il ərzində erməni hərbi birləşmələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindən istifadə edərək Laçın yolu ilə intensiv hərbi daşımalara fasilə vermədi: “Onlar bu yoldan hərbçilərini Azərbaycandan çıxarmaq əvəzinə ölkəmizin ərazilərinə təkrar silah-sursat, yeni istehsal olunmuş minalar, şəxsi heyət daşımaqla məşğul oldular. Eyni zamanda da Azərbaycanın təbii sərvətlərini Ermənistana məhz Laçın yolu vasitəsilə daşınmasına üstünlük verdilər. Düşmən ölkənin bu davranışları Azərbaycanı qane edə bilməzdi. Ötən ilin son günlərindən başlayan ekofəalların aksiyası bu il aprelin 23-də Laçın nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə başa çatdı. Həmin proses birmənalı olaraq Azərbaycanın sərhəd bütövlüyünün tamamilə bərpası ilə nəticələndi.
Bundan başqa, Azərbaycan tərəfi ilk dəfə olaraq müstəqillik tariximizdə Ermənistanla şərti sərhəddəki Zabux və Cağazur kəndləri arasındakı hakim yüksəkliklərə nəzarəti, iki ölkə arasındakı şərti sərhədlərini tamamilə bərpa etdi. Lakin bir çox Qərb dairələri bəzən açıq, bəzən isə üstüörtülü şəkildə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı nəticələrlə məhdudlaşmağı istəyərək Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasına qarşı çıxdılar. Onlar təcavüzkar ölkənin mövqeyini dəstəkləyərək Laçın rayonunu Ermənistanın Qarabağla əlaqəsi üçün istifadə edilməsinə tərəf çıxırdılar. Fransa kimi bəzi dairələr isə ümumiyyətlə Laçın rayonunun Ermənistan tərəfinin nəzarətində qalmasını istəyirdilər”.
Silahlı Qüvvələrimizin Laçın və Kəlbəcərdəki birlik və birləşmələri xidməti vəzifələrini şərəflə yerinə yetirirlər
Ə.Verdiyev bildirib ki, Azərbaycan çox qısa müddətdə Şərqi Zəngəzurun, o cümlədən Laçının təhlükəsizlik və müdafiəsi istiqamətində böyük işlər görüb: “Bunların arasında ilk növbədə Laçının yüksək dağlıq ərazisində həm rayonun, həm də ətraf ərazilərin hava hücumundan müdafiəsi üçün zəruri infrastrukturun yaradılması da daxildir. Laçın sərhəd-nəzarət buraxılış məntəqəsinə qədərki ərazilərin, İran və Ermənistanla sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün Qubadlıda sərhəd diviziyası yerləşdirilib. Laçın və Kəlbəcər ərazisindəki Ermənistanla şərti sərhədin müdafiəsində isə Silahlı Qüvvələrimizin birlik və birləşmələri xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Bundan başqa, Şərqi Zəngəzurda bir neçə komanda hərbi hissələri yaradılıb və onların təminat-təchizatı məsələləri müasir standartlar səviyyəsində təşkil olunub.
Hazırda digər azad olunan ərazilərə olduğu kimi, Laçına da əhalinin köçürülməsi intensiv şəkildə davam edir, Laçına həyat yenidən qayıdıb. Laçın şəhər mərkəzi demək olar ki, Avropa standartları səviyyəsində bərpa olunub, əhalimizin rahat yaşayışı və fəaliyyəti üçün bütün infrastruktur yaradılıb. Laçın hazırda nəinki Azərbaycanın, dünyanın ən gözəl rayonlarından birinə çevrilir.
Bir sözlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Silahlı Qüvvələrimizin sayəsində Azərbaycanın işğal altında qalmış bütün əraziləri hazırda düşməndən təmizlənib və onların təhlükəsizliyi tamamilə təmin edilib”. (AZƏRTAC)