Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Bu sahədə həyata keçirilən tədbirlər Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunmuş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunmuşdur. Həmçinin ölkənin bu əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları da əksini tapmışdır. Bununla yanaşı əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə əmək hüquqlarının təmin olunmasını diqqətdə saxlayır, əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.
Hazırladı: Mina RƏŞİD