01.07.2025, 21:18
AZ EN
26.07.2022, 09:40 510

Ömrü nəğməyə dönən şəhidim

XƏBƏRLƏR
  • Onun fortopianoda ifa etdiyi nəğmələri dinləyirik. Qüdrətin həqiqətən fitri istedadı varmış. O, qarmonda da gözəl ifa edirdi. Anası deyir ki, hara gedirdisə üzümüzü ağ eləyirdi. Orta məktəbi də əla qiymətlərlə başa vurmuşdu, ali məktəbi də. Evin tək oğlu idi. 22 yaşında oğul itirmək Sizə asan gəlməsin. Amma o Şəhidlik məqamı kimi elə bir yüksəklikdə dayanır ki, insanın qəlbi bir anlıq sükut edir. Təki Vətən sağ olsun, deyirsən… Bu gün özü bir nəğməyə, dastana, tarixə dönən igid oğlumuzun doğum günüdü.

Adişov Qüdrət Rahim oğlu 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olub. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsinə köçüb. Orta təhsilini həmin qəsəbədə alıb. 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adişov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində “Molla” obrazını canlandırmışdı. Universiteti başa vurduqdan sonra hərbi xidmətə yollanmışdı.

Azərbaycan Ordusunun əsgəri Qüdrət Adişov 2020-ci il sentyabrın 27-də başlanan haqq savaşımızda mərdliklə iştirak edib. O, Tərtər istiqamətində gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə qəhrəman əsgər şəhid olub. Zabrat qəsəbəsində yerləşən Zabrat-1 qəbiristanlığında torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunub.

Ruhu şad olsun, məzarı nurla dolsun.

Mina RƏŞİD

Oxşar xəbərlər