23.12.2024, 04:01
AZ EN
01.05.2024, 11:09 344

Xeyrimli kənd sakinləri doğma yurda qayıdacaqları günün sevincini yaşayır

XƏBƏRLƏR
  • 19 aprel tarixli  razılaşmaya əsasən işğalda olan Qazax rayonunun qaytarılan 4 kəndindən biri də Xeyrimli kəndidir. Bu yaşayış məntəqəsi səfalı dağlıq bir ərazidə yerləşir. Əhalisi isə kənd təsərrüfatı, heyvandarlıqla məşğul olub. Sakinlər bu gün  kəndə qayıdacaqları günün sevincini yaşayırlar.

Xeyrimlilər məcburi köçkün düşən gündən rayonun müxtəlif hissələrində məskunlaşıblar. Hazırda kənd əhalisi 321 nəfərdir. Əksəriyyəti yeni qəsəbədə yaşayır. Sakinlər deyir ki, ötən 32 ildə kəndlərindən kənarda yaşamaq onlar üçün çox çətin olub. İndi çox sevinirlər. Kəndlərinin qaytarılması xəbərini eşidəndən Xeyrimliyə qayıdacaqları, orda təsərrüfatlarını quracaqları barədə düşünürlər.

Xeyrimli kənd sakini, İlham Abbasov:

-Kəndimizin qaytarılmasını eşidəndə o qədər sevindik ki. Mən kənddə olanda 23 yaşım vardı. Heyvandarlıqla məşğul olurduq, üzüm təsərrüfatlarımız, əkin yerimiz var idi, tütün də əkirdik. Beləcə dolanırdıq.

Xeyrimli kənd sakini, Rafael Rzayev:

-Biz ordan çıxanda sürünə-sürünə çıxdıq. Qardaşım Elçin  polis idi. Üç dəfə mühasirədə qalmışdılar. Kənd camaatımız tütünçülüklə, üzümçülüklə məşğul olurdu, bununla dolanırdıq.

Xeyrimlidən çıxanda 4 yaşı olan Tərxan Yusibov isə kəndlərini xatırlamır. Doğma torpağını valideynlərinin danışdığı qədər təsəvvüründə canlandırdığını deyir: “Kənd yadımda olmasa da, yuxularımda görürdüm, həm də özümdə hiss edirdim. İndi şükürlər olsun ki, kəndimiz işğaldan azad edilib. Allah Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə cansağlığı versin.  Kəndimiz qan tökülmədən, şəhid vermədən işğaldan azad olundu. İndi 36 yaşım var. Kəndimizə sevinə-sevinə gedəcəyəm”.

Xatırladaq ki, 1992-ci ilin martın 8-də Xeyrəmli kəndi işğal edilib. Yerli əhali təcavüzə məruz qalaraq, doğma evlərini tərk edib. Dinc sakinlər arasında  10 nəfər yaralanıb, 2 nəfər isə şəhid olub. Xeyrimlidə 1 məktəb, uşaq bağçası,, klub, tibb məntəqəsi və mağaza fəaliyyət göstərib. Onların hamısı düşmən hücumu zamanı talan edilib, yandırılıb, dağıdılıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər