21.09.2024, 18:20
AZ EN
08.04.2023, 10:52 130

Apreldə sorağı gələn Qələbə sədası

XƏBƏRLƏR
  • 2016-cı ilin Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər uğrunda aparılan hərbi əməliyyatların iştirakçısıyam. Dörd gün ərzində düşmənə verilən layiqli cavab, strateji yüksəkliklərin azad edilməsi Ermənistan ordusunda və hakimiyyətində də əməlli-başlı çaxnaşma yaratdı. Azərbaycan Ordusu isə həmin günlərdə ilk böyükmiqyaslı sınaqdan uğurla çıxdı. Dörd il sonra qazanılan şanlı Qələbənin bünövrəsi məhz həmin günlərdən başlandı. Dörd il əvvəl polkovnik-leytenant Murad Mirzəyev, mayor Samid İmanov, gizir Pəncəli Teymurov kimi şəhid döyüşçülərin nümayiş etdirdiyi qəhrəmanlıq 2020-ci ilin payızında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərə uzanan yolu işıqlandırdı.

Bunu həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısı Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Aslan Cəfərov deyib.

Kapitan söhbətinə davam edərək bildirib: “Aprel döyüşlərində cəsur Vətən oğullarının igidliyi qəlbi yurd həsrəti ilə döyünən hər kəsi Qələbəyə kökləmişdi. Həlledici döyüşə tam hazır idik. Vətən müharibəsi başlananda yüksək döyüş ruhu, vətənpərvərlik eşqi ilə irəli atıldıq. Döyüş yolum Kəlbəcər istiqamətindən başladı. Sentyabrın 29-da həmin istiqamətdə aparılan hərbi əməliyyatların birində yaralandım. Gəncə hospitalına, oradan Bakıya təxliyə olundum. Bədənimdəki yaralardan daha çox məni döyüş dostlarımı odun-alovun içində, güllə-boran altında qoyub xəstəxana divarları arasında qalmaq incidirdi. Addım-addım gələn qələbə xəbərlərinə sevinsəm də, savaş meydanında əlimdə silah döyüşmək, içimdəki nifrəti bütünlüklə azğın düşmən üzərinə tökmək üçün aldığım xəsarətlərin nisbətən yüngülləşməsini gözləyirdim. Ayağa qalxan kimi yenidən silahdaşlarımın yanına qayıtdım. Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək ən böyük arzum idi. Çox şükür ki, bu böyük arzuma qovuşdum. Azad Şuşaya uzanan cığırlar, qayalar, daşlar üzərində mənim də izlərim var. Özünü Vətən əsgəri sanan bir döyüşçü üçün bundan böyük nə xoşbəxtlik ola bilər?”.

Vətən müharibəsi qazisi Aslan Cəfərov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər