23.12.2024, 09:20
AZ EN
04.04.2024, 21:30 267

4 günə Lələtəpəni, 44 günə Şuşanı, 24 saatda isə Xankəndini fəth etdik

XƏBƏRLƏR
  • Aprelin 4-də Heydər Əliyev Sarayında Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş “Zəfərin 4 anı” ədəbi-bədii gecə keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ədəbi-bədii gecədə şəhid ailələri və qazilərlə yanaşı, bir sıra dövlət və özəl qurumların rəhbərləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Aprel döyüşləri şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə dördgünlük hərbi əməliyyatlarla başlayan torpaqlarımızın azadlıq mücadiləsinin 44 gündə Şuşa zirvəsinin fəthinə yol açdığını deyib: "Başlanğıcını səkkizinci ildönümünü qeyd etdiyimiz Aprel döyüşlərindən götürən Azərbaycanın Zəfər tarixi ötən il Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın tam bərpası ilə yekunlaşdı. Öz doğmalarını itirən şəhid ailələri bununla təskinlik tapdılar, yaraları qaysaq bağlamağa başladı. Lakin bununla iş bitmir, hər birimiz bu yolda şirin canını fəda edən qəhrəmanların irsini gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni əsirgəməməliyik. Hazırda təşkilat olaraq ən böyük məqsədimiz gənclərə doğru qəhrəmanları tanıtmaqdır. Yetişən nəsillər düzgün tərbiyə alaraq, şəhidlərin canları, qanları ilə əmanət etdikləri Vətən torpaqlarının keşiyində durmalı, ayıq-sayıqlığı itirməməlidirlər".

Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi, kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxışında Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər pilləkənlərinin təməl daşı olduğunu qeyd edib: "Həmin bünövrə daşı o qədər möhkəm qoyuldu ki, 44 gündə pillə-pillə Şuşaya çatdıq. Sonuncu pilləni isə bir gün ərzində Xankəndiyə qalxaraq tamamladıq. 4 günə Lələtəpəni, 44 günə Şuşanı, 24 saat ərzində isə Xankəndini fəth etdik. Bir ana kimi bu yolda iki oğlumu qurban vermişəm. Övladlarımı itirməyin ağrı-acısını yaşasam da, oğullarımın qanı olan torpaqlarımızın düşmən tapdağından qurtulmasına sevinirəm".

"Böyük Qayıdış" Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev 1990-cı illərin əvvəllərində Azərbaycanda vahid komandanlıq olmamasından istifadə edən Ermənistanın torpaqlarımızın 20 faizini işğal etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan təhlükə altına düşən müstəqilliyini 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə qoruyub saxladı. Bildirilib ki, Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra 1994-cü ilin mayında tərəflər arasında atəşkəs sazişi imzalandı. Ulu Öndərin hakimiyyəti illərində ölkənin yüksələn xətlə inkişafının təməli qoyuldu. Ordu quruculuğu xüsusi diqqət mərkəzinə alındı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu daha da inkişaf edərək müasir ordular sırasına daxil oldu. Hər kəsə məlumdur ki, atəşkəs sazişindən sonra da düşmən dayanmadı, bütün hüquq və normaları pozaraq 22 il ərzində ardıcıl təxribatlar törətdi. 2016-cı ilin aprelində isə pik həddə çatan təxribatlara Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə cavab verdi. Qısa müddətdə düşmənin ön xətti yarıldı, cənub istiqamətində Lələtəpə yüksəkliyi, Goranboy-Tərtər-Ağdərə istiqamətində isə Talış yüksəklikləri azad olundu. Ümumilikdə isə 2 min hektar ərazi işğaldan azad edildi, minlərlə hektar strateji ərazi Silahlı Qüvvələrimizin bölmələrinin nəzarəti altına keçdi. Aprel döyüşləri ordumuzun arsenalında olan ən müasir silah-sursat və döyüş texnikalarının real döyüş şəraitində tətbiqi və Ermənistan ordusunun döyüş ruhu və əzminin sındırılmasının ilkin mərhələsi idi.

"Biz gənclər 1988-1994-cü illərdə döyüşən Fred Asif, Şirin Mirzəyev, Allahverdi Bağırov, Əlif Hacıyev, Əliyar Əliyev, Müşfiq Abbasov, Albert Aqarunov kimi qəhrəmanların davamçılarıyıq. Aprel döyüşlərində əldə etdiyimiz Qələbəyə görə Polad Həşimov, Raquf Orucov, Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov, Mühüd Orucov, Şükür Həmidov, Elimdar Səfərov kimi qəhrəmanlara borcluyuq. Aprel döyüşlərində Qarabağı görməsə də bütün mənəviyyatı ilə ona bağlı olan Müşfiq, Mikayıl, Rəvan, Sərxan, Həsən kimi onlarla 18-19 yaşlı əsgərlər də şücaət göstərdilər. Əminliklə deyə bilərik ki, böyük Zəfərə atılan ilkin addımlar Aprel döyüşlərinin qəhrəmanlarının əsəridir. Vətən müharibəsində isə Azərbaycan Ordusu böyük qəhrəmanlıq, əzm nümayiş etdirərək 44 gün ərzində şərəfli yol keçdi. Ötən il sentyabrında isə birgünlük antiterror tədbirlərinin son nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgərana bayrağımız sancıldı. İndi biz əzəli torpaqlarımıza Böyük Qayıdış dövrünü yaşayırıq. Lakin Böyük Qayıdış təkcə Qarabağa qayıdış deyil, milli birliyimizə, milli kimliyimizə qaydışımızdır. Hər birimiz bu Vətənin övladı olaraq Qarabağdakı quruculuq işlərinə töhfə verməliyik. Ən əsası o torpaqlara yenidən ayaq basmamıza vəsilə olan cəsur döyüşçülərimizin onların şərəfli həyat və döyüş yolunu gələcək nəsillərə aşılamalıyıq. Əminəm ki, qədirbilən xalqımız ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların xatirəsini daim əziz tutacaq, qazilərimizə, şəhidlərimizin yadigarlarına hər zaman ehtiram göstərəcək", - deyə Ə.Mehdiyev bildirib.

Tədbir bədii hissə ilə davam edib, tanınmış incəsənət xadimlərinin və yaradıcı gənclərin təqdimatında "Zəfərin 4 anı" kompozisiyası nümayiş etdirilib. (AZERTAC)

Oxşar xəbərlər