15.09.2025, 13:32
AZ EN
15.09.2025, 10:16 327

Mən bir qəhrəman qızıyam…

XƏBƏRLƏR
  • Qızı hər gecə atasını yuxuda görür. Məryəm oyananda deyir ki, ata yenə gəlmişdi. Birlikdə oynadıq, o yenə cənnətə getdi, mənə dedi ki, sən ananın yanına get, axşam gələcəm.

Həyat yoldaşı deyir ki, bir çətinə düşəndə, bir müşkülüm olanda hiss edirəm ki, tək deyiləm, Allahverdi yanımdadır. Ömərin xasiyyəti, gülüşu, ele bil atasıdı. Hər güləndə elə bilirəm Allahverdi də mənə baxıb gülür. Arzusu övladlarımızı həkim görmək idi. Çalışacağam ki, onun yarımçıq qalmış bütün arzularını, xəyallarını gerçəkləşdirim. Allahverdi hərbçi olmağı ilə qürur duyurdu. Sanki əsgər olmaq üçün doğulmuşdu. Həmişə “qisas” deyirdi. Noyabrda yenidən Hərbi Dəniz Qüvvələrinin komando kursuna qatıldı və kursu müvəffəqiyyətlə bitirdi. 61 kursantın içində göstəricilərinə görə 9-cu olmuşdu. Elə hey deyirdi ki, mənim yaşım çox oldu. Yaşım az olsaydı, 1-ci yerdə olardım. 4 ay idi Hərbi Dəniz Qüvvələrində işləyirdi. Sevinci yerə-göyə sığmırdı. Dedi ki, 44 günluk Vətən müharibəsində qayıdacağıma söz verdim, qayıtdım da... Bu dəfə məni sağ gözləmə… 5 illik birgə həyatımızda Allahverdidən güldən ağır söz eşitməmişdim. Bir dəfə də olsun qəlbimi qırmayan, yolunda canımı qurban verə biləcəyim insanın bu sözü məni sanki yerə çırpdı. Onu deyim ki, Allahverdi ilə 5 illik xoşbəxt həyatımı 5 ömrə də dəyişmərəm… Məni bu vəziyyətdə görüb qəfildən güldü. "Narahat olma, mələyim, hər şey yaxsı olacaq, inşallah", - deyib getdi. Heç nə söyləyə bilmədim. Özümü toparlayıb bircə "Allaha əmanət ol" – dedim... 

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Səfiyev Allahverdi Səfi oğlunun doğum günüdür. O, 15 sentyabr 1993-cü ildə Ucar rayonunun Bağman kəndində anadan olub. Orta təhsilini Ucar rayonu Bağman kənd tam orta məktəbində alıb. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu kimi Vətənə xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Səfiyev Allahverdi Səfi oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Ucar rayonunun Bağman kənd qəbiristanlığında böyük izdiham və ehtiramla orpağa tapşırılıb.

Allahverdi Səfiyev ölümündən sonra  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər