27 mart Vətən müharibəsi şəhidi Elşən İbrahimovun doğum günüdür. Yaşasaydı, Elşənin 22 yaşı olacaqdı...
İbrahimov Elşən Cahangir oğlu 2002-ci il mart ayının 27-də Şəki şəhərində anadan olub. 2008-ci ildə Şəki şəhəri 11 nömrəli tam orta məktəbin birinci sinfinə gedib və 2019-cu ildə həmin məktəbdən məzun olub. O, orta məktəbi bitirdikdən sonra Bakı Sosial İqtisad Kollecində bank işi ixtisasına qəbul olunsa da, daha sonra təhsil ocağını dəyişərək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecində təhsilini davam etdirib.
Elşən İbrahimov 2020-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Qələbə ilə nəticələnən 44 günlük II Qarabağ müharibəsində canından çox sevdiyi Vətən uğrunda şərəflə vuruşan Elşən oktyabrın 4-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, doğulub boya-başa çatdığı Şəki şəhərində böyük ehtiram və izdihamla dəfn edilib.
18 yaşlı qəhrəmanımız Elşən İbrahimov ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ