22.12.2024, 12:53
AZ EN
17.07.2022, 07:30 189

Göyçayda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

XƏBƏRLƏR
  • Göyçaydan Vətən müharibəsinin şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun doğum günündə xatirəsi ehtiramla yad edilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Göyçay şəhərindəki Şəhidlər xiyabanında keçirilən mərasimdə şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. RİH başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışıb, Vidadi Xəlilov və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib.

Mərasimdə çıxış edənlər şəhid Vidadi Xəlilovun keçdiyi mənalı həyat yolundan söz açıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini söyləyiblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilər vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Qeyd edək ki, şəhid Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində dünyaya göz açıb. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına (indiki Milli Müdafiə Universiteti) daxil olub, 2003-cü ildən zabit kimi “N” saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsində öz zabit borcunu şərəflə yerinə yetirib. 2020-ci il oktyabrın 30-da Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", “Laçının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. (AZƏRTAC)

Oxşar xəbərlər