21.10.2024, 00:14
AZ EN
14.07.2022, 09:00 513

“Goranboyun ürəyi” Harun

XƏBƏRLƏR
  • Bu gün şəhid baş leytenant Harun Məhəmməd oğlu Alqayevin doğum günüdür.

Harun Məhəmməd oğlu Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində dünyaya gəlib. 1998-2006-cı illərdə Balakən şəhərində Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. 2015-ci ildə ona leytenant rütbəsi verilib.  Goranboy rayonunda "N" saylı hərbi hissədə kəşfiyyat tağım komandiri kimi çalışıb. 2016-cı ildən hərbi hissənin müşahidə kəşfiyyat tağım komandiri vəzifəsinə irəli çəkilib. 2018-ci ildə baş leytenant rütbəsi alıb.

2020-ci il mart ayında kəşfiyyat bölüyünün komandiri vəzifəsinə layiq görülən Harun iki ay bu vəzifədə çalışdıqdan sonra arzusunda olduğu xüsusi təyinatlı qüvvələrin heyətinə daxil olub.

Baş leytenant Harun Alqayev hələ İkinci Vətən Müharibəsindən əvvəl  kəşfiyyatçı kimi bir çox vacib tapşırıqları layiqincə yerinə yetirib. Onu ələ keçirə bilməyən düşmən hiddətlənib və “Türk Harun”u axtarışa verib. Müharibə zamanı isə kəşfiyyatçı Harun bir sıra strateji obyektlərin alınmasında, düşmənə ağır zərbələrin endirilməsində fəal iştirak edib.

Döyüş yoldaşları, dostlar və doğmaların söylədiklərinə görə, Harun həm də insan kimi gözəl xüsusiyyətlərə malik olub. Harada, hansı şəraitdə olsa da, haqqın tərəfində dayanıb, heç vaxt doğru yoldan ayrılmayıb.  Əsgərləri ona tək komandir kimi yox, həm də böyük qardaş kimi yanaşıblar. Zabit yoldaşları onun haqqında "Goranboyun vuran ürəyi, vuran əli idi" - deyirlər.  
Azərbaycan Ordusunun baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda qəhrəmanlıqla vuruşarkən oktyabrın 15-də şəhidlik zirvəsinə ucalıb. Balakən şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Harunun qardaşı da Vətən müharibəsində iştirak edirdi. O, şəhid olduqdan sonra qardaşı ordudan geri çağırılıb.
Baş leytenant Harun Alqayev Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə",  "Kəlbəcərin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı”ordeni ilə təltif edilib.

Nur içində uyusun, ruhu şad olsun!

Mina RƏŞİD

Oxşar xəbərlər