Cəfərov Zaur Hüseyn oğlu 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açıb. İbtidai təhsilinə 1986-ci il şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlayıb. 1993-cü ilin aprelində erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçüb. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurub.
Hələ 13 yaşındaykən Ata yurdu, Ana Vətəni Kəlbəcərin işğal olunması, köçkünlük həyatının çətinlikləri, 9 qohumunun Birinci Qarabağ müharibəsində şəhid olması, 49 qohumuna ermənilər tərəfindən mühasirəyə alınaraq 113 gün boyu ağır günlər yaşadılması, onlardan 18-nin ermənilərə dirəniş göstərərkən qətlə yetirilməsi, digər 9 nəfərinin qarlı yollarda şəhid olması, 19 nəfərin isə girov götürülməsi elə uşaq vaxtlarından Zaurda düşmənə sonsuz nifrət hissi oyanmışdı. Məhz elə o vaxtdan hərbçi olub, düşməndən qisas alacağına söz vermiş və hərbiyə marağı artırmışdı.
Orta təhsilini uğurla başa vuran Zaur Ali Hərbi Məktəbə daxil olub, hərbi təhsilini 2001-ci ildə leytenant rütbəsi ilə bitirib.11-22 sentyabr 2000-ci ildə Rumıniya və Türkiyəyə kurs və təlimlərə göndərilib. Azərbaycan Ali Hərbi Məktəbini bitirərək Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "Raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 01.10.2001-ci il tarixindən 28.07.2002-ci il tarixinə kimi fəaliyyət göstərən zabit ixtisas kursunu müvəffəqiyyətlə bitirib. Xidmətinin böyük bir hissəsi Naxçıvan dağlarında - Əlahiddə Ümumqoşun Ordu Korpusunda keçmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirib
Zaur Cəfərov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində öz briqadası ilə çiyin-çiyinə vuruşub. 28 ildir gözlədiyi zaman yetişmişdi. Daim irəli can atırdı. Yerə-göyə sığmırdı. Düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı özü idarə edərək qənimət gətirirdi. Dostları Polad Həşimov və İlqar Mirzəyevin, bibisi oğlu Yalçın Mustafayevin qisasını almaq üçün dəridən-qabıqdan çıxırdı. Yaxınlarının dediyinə görə, bir gün döyüşlərin şiddətli vaxtında xəbər alır ki, qardaşının tələbəsi Ələkbər Ələsgərov şəhid olub. Polkovnik-leytenantımız 22 yaşlı şəhid Ələkbər Ələsgərovun xatirəsini əbədiləşdirmək üçün ağır döyüşlərin getdiyi bir vaxtda düşmən tankını hərbi qənimət kimi ələ keçirib tankın üzərinə şəhidin adını həkk elətdirib və təsəlli üçün şəklini çəkib şəhidin ailəsinə göndərib və Ələkbərin qanının yerdə qalmadığını bildirib. Madagiz-Ağdərə istiqamətində rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Həmçinin Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin və Murov dağ silsiləsinin işğalçılardan azad olunmasında müstəsna əmək sərf edib. Şəhadətindən 4 gün öncə oğlu və kiçik qardaşı ilə görüşən şəhidimiz ona dostlarının və bibisi oğlunun qisasını aldığını və tezliklə onları Kəlbəcərin Başlıbel kəndinə, öz dədə-baba yurduna aparacağını bildirib və dəfələrlə inanılmaz vəziyyətlərdən sağ çıxdığı üçün qurban kəsmələrini onlara, ilk dəfədir ki, tapşırmışdır. Elə tələsirdi ki, müharibə zəfərimizlə başa çatsın, doğmalarını, övladlarını özünün doğulduğu doğma kəndinə aparsın...
Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək qəhrəmancasına şəhid olub.
Zaur Cəfərov II Fəxri Xiyabanda dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Ailəli idi. 2 qız, bir oğul övladı əmanətdir.
Tahirə AĞAMİRZƏ