Əsədli Əsəd Mahir oğlu 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan igid döyüşçü Naxçıvan Muxtar Respublikasında bir il kəşfiyyatçı kimi xidmət edib. Hərbi xidmət dövründə nümunəvi xidmət etdiyi üçün dəfələrlə təltif olunub.
Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində baş verən döyüşlər onu hiddətləndirib və könüllü olaraq döyüşlərə yollanmaq üçün ərizə ilə müraciət edib.
Vətən müharibəsi başlandıqdan sonra ilk günlərdən döyüşlərə qatılıb, Füzulidə, Xocavənddə düşmənə ağır zərbələr vurub. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü müqəddəs şəhidlik zirvəsinə ucalıb.
Onu da qeyd edək ki, Əsəd döyüşə getməzdən əvvəl çəkdiyi videoda deyilən fikir ilə də yaddaşlarda qaldı: “İnşallah sağ qayıdarıq, əgər şəhid olsaq belə, biz ölməyəcəyik.”
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ