Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 28-də - Müstəqillik Günündə keçirilib. Dövlətimizin başçısı hazırda inşası başa çatdırılan 200 evdən başqa, kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi barədə tapşırıq verib.
Ağalılar qayıdışa hazırlaşırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti onların yenidən qurulan kənd barədə təəssüratlarını, qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən videoçarxlar hazırlayır. Təqdim edilən ilk videoçarxın qəhrəmanları kəndin sakini Bahar Səmədova və onun oğlu Kənan Nəbiyevdir…
Bahar xanım deyir: “Bəlkə də, indi bu saat xəbər gələcək ki, köçürsünüz. Sayılı günlərimiz qalıb getməyə. Əşyalarımız hamısı hazırdır. Məmnuniyyətlə köçərəm... Birinci köçən onsuz da bizik, bilirik. Yerimiz bəlli, evimiz bəlli, yurdumuz bəlli. Bircə onu gözləyirik ki, bizə xəbər versinlər ki, köçürsünüz... O gün olsun, Allah hamıya belə günlər qismət eləsin. İnanırsınız, bəlkə də mənim kimi həsrət çəkənlər çoxdur”.
Bahar xanım Ağalı kəndində doğulub, boya-başa çatıb, orta məktəbi də bitirib, texnikum təhsilini başa çatdırandan sonra məcburi köçkün düşüb. O deyir: “Vallah insanlar doğulub, boya-başa çatdığı vətəni necə xatırlayırsa, mən də bu günə kimi kəndimi, Ağalını xatırlayıram. Heç vaxt xatirəmdən silinmir...” Zəngilan rayonunun, Ağalı kəndinin işğaldan azad edilməsi xəbərini sevinc göz yaşları ilə qarşılayan Bahar xanımın ilk arzusu doğma kənddə toy etməkdir. “Bütün kənd toyları gözəl olur. Qismətə bax ki, oğlanlarım subaydı. Arzu edirəm ki, kəndə gedim onlara gözəl toy edim. Düzdü, o yaşlı insanlar yoxdu, qoyub-gəldiyimiz insanlar yoxdu. Amma indi gənc nəsillər gedir. Mən də istəyirəm qəşəng bir toy olsun, elimiz-obamız bir yerə yığılsın, xeyrimiz-şərimiz bir yerdə olsun,” – Bahar xanımın bu, ən ülvi istəyidir. O, böyük oğlunun məmnuniyyətlə kəndə qayıtmaq istədiyini də deyir: “Birdən sual verirəm, ay oğul, sən kənddə böyüməmisən, kənd həyatı nədir bilmirsən, sən necə ora getməyə həvəslənirsən? Xatirəndə bir şey yoxdur. Mən orda böyümüşəm. Mən xatırlayıram oranı, sən niyə ora getməyi çox istəyirsən? Deyir ki, atamın, anamın, ulu babamın doğulduğu torpaqdı, əlbəttə ki, mənə əzizdir. Çəkir ora məni...”.
Kənan anasının sözlərini təsdiq edir: “İlk gedənlərdən şəxsən mən olaram ki, sevinclə torpağımıza ayaq basaram. Sabah, birisi gün. Tez bir zamanda olsa, mən məmnuniyyətlə getməyə hazıram”.
Ana və oğul onların arzularını gerçəkləşdirən dövlətimizin başçısına, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara, canını fəda edənlərə minnətdardırlar.
Sevda SÜLEYMANOVA