Azğınlaşmış erməni qatilləri azyaşlılara belə rəhm etməyib və 5 yaşlı qız uşağına 17 güllə vurublar
Xalqımıza qarşı sülh və insanlıq əleyhinə, digər cinayətlər, o cümlədən Xocalı qətliamını törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluq tərəfindən qanunvericiliyin, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq kifayət işlər görülüb.
Bu barədə açıqlamasında Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bildirilib ki, Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı Xocalı soyqırımı epizodu üzrə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı alayının iştirakı ilə BMT-nin Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında”, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, habelə “Hərbi əsirlərlə rəftar haqqında”, “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə konvensiyalarının, 1950-ci il noyabrın 4-də Avropa Şurası tərəfindən qəbul olunmuş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın üçüncü maddəsinin tələblərini kobud şəkildə pozaraq Xocalı şəhərinə hücum etməsi müəyyənləşdirilib. Əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutub, sonra isə çoxsaylı ağır tanklar, piyadaların döyüş maşını və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olub, evlərində yatmış dinc əhalini vahiməyə salıb, qarşılarına çıxan qadınlara, uşaqlara, qocalara aman vermədən odlu silahlardan atəşlər açmaqla, tank, döyüş maşını və digər texnikaların altına salaraq əzməklə, müxtəlif işgəncələr verməklə insanları xüsusi amansızlıqla qətlə yetirib və sair vəhşiliklər törədiblər.
“İstintaq materialları ilə sübuta yetirilib ki, Xocalı qətliamı zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla qətlə yetirilib, 487 dinc sakinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. 1275 nəfər isə əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. Soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Təəssüf və kədər hissləri ilə qeyd olunmalıdır ki, azğınlaşmış erməni qatilləri azyaşlılara belə rəhm etməyib və 5 yaşlı qız uşağına 17 güllə vurublar.
Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfərin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin nəzarətləri ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - deyə Firad Əliyev vurğulayıb.
Hərbi prokurorun böyük köməkçisi söyləyib ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib. Tarix boyu xalqımızın başına gətirilən müsibətlər, o cümlədən həmin faciə barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsi, bununla əlaqədar respublikamızda və ölkəmizdən kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mükəmməl siyasətinin, o cümlədən bu sahədəki müstəsna fəaliyyətinin təcəssümüdür. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu sahədə görülən böyük işlər də bəhrəsini verməkdədir. Bu barədə danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ilin mayından başlayaraq həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasını, eləcə də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səmərəli fəaliyyətini xüsusi vurğulamaq lazımdır. (AZƏRTAC)