07.08.2025, 13:16
AZ EN
07.08.2025, 09:24 140

Bu gün şəhid Elkiyar Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Elkiyar sürücü idi. Deyirdi ki, minalar məndən qorxur. Döyüş  yoldaşları onun ən gərgin döyüş bölgələrinə belə birinci getdiyini deyirlər.  Elkiyarın hərbçi olmaq arzusu təsadüf deyildi. Ailədə hərbçi çoxdu. Böyük əmisi Əfqanıstanda döyüşüb, Birinci Qarabağ savaşının qazisidir, əmisi, bibisi uşaqları hərbçidi. Böyük qardaşı Əlyar da hərbçidi. Ərçivanda onlara "hərbçilər ailəsi” deyirlər...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elkiyar Abdulla oğlu Məmmədovun doğum günüdür. O, 1992-ci ildə avqustun 7-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə həmin qəsəbədəki 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 

2010-cu ildə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2012-ci ildə hərbi xidmətini başa vurub․ 2013-cu ildən Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu - sürücü kimi xidmətə başlayıb․ 2015-ci ildə Füzuliyə ezam olunub və 5 il Füzulidə yerləşən “N” saylı hərbi hissədə qüsursuz xidmət edib․

Azərbaycan Ordusunun əsgəri olan Elkiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. 

Şəhidin həyat yoldaşı Gülnaz Kazımova deyir ki, bizim 3 övladımız var.  Abdulla, Damla və Duyğu. Yoldaşım 35 gün döyüşüb. Maxe kimi 8 il tam xidmət edib. Füzuli, Zəngilan Cəbrayıla kimi getmişdi. O, sürücü idi, ön cəbhəyə yemək aparırdı. "N" saylı hərbi hissədə, şəhid olmasından 6 ay öncə rabitə xətləri çəkirdi. Ön cəbhədə idi.

2020-ci il 29 oktyabrda anam rəhmətə getdi, ondan 1 saat qabaq Elkiyarla danışmışdım, son telefon əlaqəmiz idi. O qədər sevincək idi. Gün ərzində 3-4 dəfə danışırdıq. Danışarkən axırıncı sözü o oldu ki, mən qabağa gedirəm, mənə zəng çatmayacaq. Üç gün ərzində həm anamı, həm yoldaşımı itirdim onlardan başqa arxa-dayağım yox idi...

Elkiyar ata-anasız böyümüşdü, 2 il də uşaq evində yaşayıb, sonra əmiləri  götürüb. Elkiyar çox çətin həyat yaşayıb. 4 yaşında atasını, 7 yaşında anasını itirib.

Elkiyar Məmmədov oktyabrın 30-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elkiyar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər