Bunu müsahibəsində Xocalı sakini Elşən Abışov söyləyib.
O, 32 il əvvəlki baş verən hadisələri xatırlayaraq deyib: “Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələri Xocalıya hücuma başladılar. Şəhərin aşağı hissəsində yanacaqdoldurma məntəqəsi tərəfə gedəndə bizi atəşə tutdular. Qayıtdıq beşmərtəbəli binada gizləndik. Ayın 26-sı axşama qədər orada qaldıq. Qardaşımı qətlə yetirdilər, əmim yaralandı. Xocalını tərk edib Kətik meşəsinə getdik. Nicat yolumuz ancaq Ağdam rayonu istiqamətində idi. Qarlı-şaxtalı havada ac-susuz çox çətinliklər çəkdik. Qara qaya tərəfdə Xocalı sakinlərinin kütləvi qətlə yetirildiyini gördük. Orada erməni silahlıları var idi. Ona görə Naxçıvanlı kəndi istiqamətinə qayıdıb, Şelliyə doğru getdik. Bizi könüllü döyüşçülər qarşılayıb Ağdama apardılar”.
E.Abışov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə və ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması bütün xocalılıların yaralarına məlhəm olub. “Bu gün Xocalı azaddır, orada geniş bərpa-quruculuq işləri həyata keçirilir. Tezliklə Xocalı sakinlərinin doğma yurda qayıdışı olacaq. Yəqin ki, indi bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının ruhları rahatlıq tapıb” – deyə, Xocalı sakini bildirib. (AZƏRTAC)