Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, prioritetləri, həyata keçirilən və cari layihələri barədə ətraflı məlumat verib. O Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən sonra qarşıda dayanan əsas vəzifələr, yaranan yeni reallıqlardan bəhs edib.
Fondun əsas prioritet istiqamətlərindən birinin ekoloji tarazlığın bərpası olduğunu qeyd edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə imzalanmış “Anlaşma Memorandumu” çərçivəsində reallaşdırılan, Zəngilanda meşə massivinin salınması ilə bağlı “Zəfərdən dirçəlişə” layihəsi barədə ətraflı məlumat verib. İşğaldan azad edilən ərazilərdə təbiətin dirçəlişinə və yenidən oyanışına töhfə vermək məqsədilə “ağac ianə et” kampaniyası çərçivəsində cəmiyyətin hər bir üzvünün bu prosesdə fəal iştirak etməsi üçün keçirilən təşviqat xarakterli tədbirlərin Qarabağın dirçəlişi prosesində mühüm rol oynadığını bildirib.
Sədr çıxışı zamanı Fondun maliyyə dəstəyi ilə Füzuli şəhərində yaradılması nəzərə tutulan “Füzuli Mərkəzi Parkı” layihəsi barədə ətraflı məlumat verib.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) eksperti Hassan Partow ilk olaraq görüşmək fürsəti yaradılmasına və verilən ətraflı məlumata görə təşəkkürünü bildirib.
Hassan Partow görüş zamanı işğaldan azad edilən ərazilərdə hazırda mövcud olan dağıntıların təkrar emal edilməsi məsələsinə xüsusi yer ayırıb. O, dağıntılardan tikinti prosesində yenidən istifadə edilməsi ilə bağlı təkliflər irəli sürüb. Bildirilib ki, dağıntıların təkrar emal edilməsi ilə mümkün xərclərin azaldılmasına, eyni zamanda ətraf mühitin ekoloji stabilliyinin qorunmasına nail olmaq mümkün olacaqdır.
Görüş zamanı BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri tərəfindən qeyd olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb və həyata keçirilən bu və digər ekoloji layihələr çərçivəsində potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda Rəhman Hacıyev Qarabağda infrastrukturun və ətraf mühitin bərpası sahəsində göstərdikləri marağa, bu sahədə öz təcrübələrini bölüşdüklərinə və səsləndirilən fikirlərə görə nümayəndə heyətinə təşəkkürünü bildirib. (AZƏRTAC)